Pakistan prezidenti Arif Alvinin Azərbaycana gəlişi gözlənilir. Məlumata görə, Pakistan prezidenti Qoşulmama Hərəkatının oktyabrın 25-26-da Bakıda keçiriləcək XVIII sammitində iştirak edəcək.
Pakistan prezidentinin Azərbaycan gəlişi iki dövlət arasında münasibətlərin daha da inkişafı baxımından nə dərəcədə əhəmiyyətlidir? Pakistanın Azərbaycan dəstəyindən maksimum istifadə Qarabağ probleminin həllinə müsbət mənada nə isə qazandıra bilərmi?
Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə Pakistanın Azərbaycana dəstəyinin olduqca mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:
“Pakistanın Qarabağla bağlı mövqeyi hər kəsə bəllidir. Bu, müəyyən qədər təsirli bir mövqedir. Çünki Pakistan böyük bir dövlətdir. Onun əhalisinin sayı 100 milyondan çoxdur. Pakistan həm də nüvə silahına malik bir dövlətdir. Pakistanın dünya siyasətindəki rolu da özünü kiayət qədər hiss etdirir. Pakistanın Qarabağ məsələsində birmənalı şəkildə Azərbaycaan dəstək verməsi olduqca önəmlidir.
Qoşulmama Hərəkatının üzvləri içərisində də Pakistanın xüsusi yeri var. Hərəkata üzv ölkələr Pakistana, onun mövqeyinə hörmətlə yanaşır. Pakistanın Qarabağla bağlı tutduğu mövqe digər dövlətlərin də mövqeyinə təsir göstərə bilər. Ona görə də bu səfər bizim üçün əhəmiyyətlidir.
Bizim əsas məqsədimiz Qoşulmama Hərəkatının üzvlərinə də təsir göstərməkdir. Biz çalışırıq ki, bu hərəkata üzv dövlətlər Azərbaycanın ədalətli mövqeyini dəstəkləsin.
Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı kimi Qarabağ məsələsində qətiyyətli mövqe sərgiləyən dövlətlərin mövqeyi Ermənistana münasibətdə “yumşaq mövqedə” dayanan dövlətlərin də yanaşma tərzinə təsir göstərə bilər. Onlar bu dövlətlərin təsiri altında öz mövqelərini sərtləşdirə bilərlər. Bu baxımdan Pakistan prezidentinin Azərbaycana gəlişi, verəcəyi bəyanatlar kifayət qədər önəmlidir”.
Seymur ƏLİYEV