Xəbər verdiyimiz kimi, Çin və Ermənistanın müdafiə nazirləri arasındakı görüş zamanı işğalçı dövlətin təmsilçisi gülünc təkliflə çıxış edib. Belə ki, Ermənistanın müdafiə naziri David Tonoyan Çin kursantlarının Ermənistanda da təhsil ala biləcəyini vurğulayıb.
Maraqlıdır, Çin hərbçilərinin Ermənistandan öyrənə biləcəkləri nə isə mövcuddurmu? Bu təklifin reallığa çevrilmə ehtimalı varmı?
Moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov bunun cəfəngiyaytdan başqa bir şey olmaığını vurğuladı:
“Ermənistan və Çin arasında fərq müayisəedilməz dərəcədə böyükdür. Çin hərbi sənayesinin məhsulları Ermənistan üçün əlçatmazdır. Çünki Ermənistanın maddi durum onun Çindən silah alması üçün yetərli deyil. Ermənistan yalnız Rusiyadan kredit vasitəsi ilə silah ala bilir. Azərbaycanla Çin arasında isə mütəmadi olaraq təmaslar var. Bu günlərdə Azərbaycanın müdafiə naziri, cənab general-polkovnik Zakir Həsənov da Çində oldu və bu ölkənin hərbi-sənayesinin nümayəndələri ilə görüşdü. Nümayəndə heyətimiz Azərbaycan üçün maraq doğuran silah-sursatlarla daha yaxından tanış oldular.
Azərbaycanla Çin arasında artan yaxınlıq təbii ki, ölkəmizin düşmənlərini narahat edir. İndi isə hansısa formada populizm yolu ilə Ermənistan-Çin hərbi əməkdaşlığı ilə bağlı fikir formalaşdırmağa çalışırlar.
Çinlə hərbi-texniki əməkdaşıq üçün Ermənistanın nə hərbi sənayesi, nə hərbi potensialı yoxdur. Ermənistan öz ərazisindəki rus hərbi bazasına arxalanaraq, lori dildə desək, özlərini kişi hesab etmək istəyirlər. Ermənistan özünə hərbi kadr hazırlaya bilmir. Erməni hərbi kadrları Rusiyanın hərbi məktəblərinə səpələniblər, bu məktəblərdə təhsil alırlar.
Yalan Ermənistanın mentalitetinə xas xüsusiyyətdir. Ona görə də bu ölkənin rəsmiləri ürəklərindən keçənləri cəmiyyətə həqiqət kimi çatdırmağa çalışır.
Ermənistan üçün Çin maraqlı ölkədir. Çinin güclü hərbi potensialı var. Onun güclü hərbi-sənaye potensialı var. Çin bu gün dünyada ən güclü hərbi-sənaye kompleksinə malik üç dövlətdən biridir. Lakin Ermənistan Çin üçün heç bir maraq kəsb etmir.
Cəmi bir dəfə Ermənistan Çin dövlətindən raket aldığını elan etdi. Sonra Azərbaycan tərəfi bu məsələ ilə bağlı münasibət bildirəndən və Çin bu informasiyanı araşdırandan sonra aydın oldu ki, Ermənistan dolayısı yolla, Çinin hansısa özəl sektorunun imkanları ilə, qaçaqmal yolu ilə raket əldə edib. Çin tərəfi bu hadisədən sonra həmin şirkətə qarşı böyük cərimə təyin etdi və onu ciddi şəkildə cəzalandırdı. Ermənistan-Çin hərbi əməkdşalığına dair mövcud olan yeganə fakt bundan ibarətdir.
Odur ki, Ermənistanın Müdafiə Nazirliyinin Çinlə hərbi əməkdaşlıq haqqında səsləndirdiyi fikirlər xəyaldan başqa bir şey deyil və bunun reallaşması üçün heç bir zəmin yoxdur”.
Seymur ƏLİYEV