“Türkiyəni Qarabağ məsələsinə daha da yaxınlaşdırmalıyıq”
Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulisi Kılıç Suriyanın ərazi bütölüyü istiqamətində Türkiyə və Rusiyanın ortaya qoyduğu səyin, Azərbaycan və onun əzəli tərkib hissəsi, tarixi torpaqları olan Qarabağ məsələsinə də sirayət etməsinin, bu məsələdə də öz əksini tapmasının vacibliyini vurğulayıb. H.Kılıç ölkəsinin bu məsələdə Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib.
İstanbul Universitetinin
Beynəlxalq Münasibətlər üzrə doktorantı Teymur Qasımlı da Türkiyənin
siyasi-diplomatik müstəvidə ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirib. O,
İranın Ermənistana dəstəyinə diqqət çəksə də, Qarabağ uğrunda müharibə
başlayacağı təqdirdə İranın Ermənistana açıq dəstək verməyəcəyini vurğulayıb.
T.Qasımlı hesab edir ki, Güney Azərbaycanı amili, oradakı milyonlarla
soydaşımızın mövcudluğu gerçəyi buna imkan verməyəcək.
Ermənişünas alim, Türkiyənin
Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında
H.Kılıç və T.Qasımlının məntiqini bölüşdüyünü vurğuladı:
“Dəyərli böyük elçi Hulusu
Kılıç çox incə bir məqama toxunub. Dünyada belə qəbul olunub ki, hər bir münaqişə dövlətlərin ərazi
toxunulmazlığı çərçivəsində həll edilməlidir və Suriyada bu yöndə gəlişən
siyasi qərarlılıq istər- istəməz Qarabağ məsələsinə də sirayət edəcəkdir.
Suriya probleminin ərazi bütövlüyü çərçivəsində həlli bizi əlimizi daha da gücləndirəcəkdir.
BMT-nin
əlimizdə qətnamələri var. Bu qətnamələr daha sərt siyasi qərarlılıq nümayiş
etdirməyimizə imkanlar açmışdır. Diplomatiyamız
bu məsələdə daha çevik addımlar atmalıdır. Əlbəttə, bizim əlimizdə bunlar var,
amma onları reallaşdırmaq üçün region ölkələrinin mövqeyinin bizim prinsiplərimizə
uyğunlaşdırılmasına ehtiyac var. Bu aparılmış düzgün siyasətlə ola bilər. Məncə, Rusiya-Türkiyə yaxınlaşmasından yetərincə istifadə etmirik.
Biz Türkiyəni Qarabağ məsələsinə daha da yaxınlaşdırmalıyıq. Elə bir situasiya yaradılmalıdır ki, Türkiyənin Qarabağı azad etməkdən başqa altelnativi olmasın. İranla bağlı da bəzi
fürsətləri əldən veririk. Çox doğru deyir dəyərli dostum Teymur Qasımlı, indiki
halda İran Ermənistana yardım etməkdən çəkinəcək. 35 milyon Güney Azərbaycan
türkünün imkanlarından, hətta bu işə hərtərəfli müdaxiləsindən nə vaxt
yararlanacağıq? Biz əlimizə düşən ən xırda fürsəti belə dəyərləndirməliyik”.









