“Hazırlığımızı görüb düyməyə basmalıyıq: Başqa alternativ yoxdur”
Türkiyənin Suriya ərazisində apardığı uğulu anti-terror əməliyaytları bəzi dövlətlərdə, xüsusilə işğalçı Ermənistanda ciddi narahatlıqla qarşılanmaqdadır. Əksər erməni siyasətçiləri hesab edir ki, türk ordusunun anti-terror əməliyyatını uğurla başa vurması Azərbaycanı da Qarabağ məsələsində hərəkətə gətirə, onun üçün mənəvi-psixoloji stimul ola bilər.
Moderator.az-a açıqlama
verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, Türkiyənin
Suriyada həyata keçirdiyi anti-terror əməliyaytının elə ilk gündən Azərbaycanda
böyük ruh yüksəkliyinə səbəb olduğuna diqqət çəkdi:
“Ermənilər bu məsələdə
artıq gecikib. Türkiyə Suriyada anti-terror əməliyyatına başlayanda, elə ilk
gündən Azərbaycanda böyük ruh yüksəkliyi yaranmışdı. Biz də haqlı olaraq müəyyən
paralellər aparırdıq. Vurğulayırdıq ki, əgər qardaş ölkə başqa bir ölkənin ərazisində
terrorizmə qarşı mübarizə aparırsa, Azərbaycan da öz torpaqlarında terrorizmə,
separatizmə qarşı mübarizə aparmaq hüququnu özündə saxlayır. Indi də bu ruh
yüksəkliyi qalır. Çünki Türkiyə Suriyadan çıxmadı. Sadəcə, ABŞ və Rusiya ilə müəyyən
razılaşmalar oldu. Türkiyə bu gün də Suriyada önəmli rol oynayır. Bu baxımdan
ermənilərin narahatlığı anlaşılandır.
Hadisələrin gedişatı göstərir
ki, danışıqlar nəticə vermir və verməyəcək. Minsk qrupu həmsədrlərinin turistik səfərləri danışıqları yerindən tərpətmir.
Ermənistanda dəyişən hakimiyyətlər də bu yöndə heç bir adım atmayacaq. Yeganə
alternativ yol hərbi təzyiqi artıqmaqdır. Hərbi büdcənin imkanlarını, hərbi
büdcəni artırmaq vacibdir. Elə etmək lazımdır ki, bir gün biz də qərarımızı
verib Qarabağın azadlığı uğrunda konkret addımlar ata bilək.
Elə etmək lazımdır ki, bu
dəfə proses 2016-cı ilin aprelində olduğu kimi yekunlaşmasın. Həmin döyüşlər
zamanı hərbi əməliyyatlar cəmi 4 gün davam etdi və sonra Azərbaycan prosesi
dayandırdı. Elə etməliyik ki, bu dəfə kimlərsə bizə təzyiq edib hərbi əməliyyatları
dayandırmasın. Düşmənə elə bir təzyiq olmaldır ki, ermənilər özləri problemi mərhələli
şəkildə həll etməyə tərəfdar odluqlarını dilə gətirsinlər. Biz o günə qədər öz
hazırlıqlarımızı görməliyik. Bir gün bu hazırlığa əsasən düyməyə basmalıyıq. Çünki
başqa alternativ yoxdur”.
Seymur ƏLİYEV









