“Qarabağ probleminin həllində ilin sonuna qədər ciddi bir dəyişiklik olmayacaq” - PROQNOZ!
“Qarabağ məsələsində ilin axırına qədər heç bir irəliləyiş olmayacaq”.
Bunu Moderator.az-a
açıqlamasında politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov bildirib.
Ekspertin sözlərinə görə,
erməni tərəfinin təxribatçı bəyanat və addımları, danışıqlardan qaçmaq cəhdi
problemin qısa zamanda həll ediləcəyinə ümid vermir:
“Bu, olduqca mürəkkəb bir
məsələdir. Xüsusilə Ermənistanda yeni hakimiyyətə gələn qüvvələr çox ziddiyyətli
addımlar atır, müxtəlif bəyanatlar verirlər. Bu bəyanatlardan belə nəticə
çıxarmaq olar ki, onların Dağlıq Qarabağ məsələsini həll etmək niyyəti yoxdur. Onlar
sadəcə olaraq, danışıqlardan yayınırlar. Müxtəlif vədlər verir, lakin eyni
vaxtda buna paralel olaraq təmas xəttində atəşkəsi pozur, müxtəlif təxribatlara
cəhd edirlər.
Məni daha çox qıcıqlandıran,
narahat edən Minsk qrupu həmsədrlərinin bəyanatlarıdır. Bu yaxınlarda Minsk
qrupunun orada toplantısı oldu. Həmsədrlər yenə də tərəfləri sülhə çağırdılar,
xalqların sülhə hazırlanmasını tövsiyyə etdilər və s. Bu, cəfəngiyyatdır və
reallıqdan uzaqdır. Dağlıq Qarabağ Azərbaycana qaytarılmadan, işğaldakı
torpaqlarımız azad olmadan biz bu xalqla necə yaxınlıq edə bilərik?
Dağlıq Qarabağ
separatçılarının liderləri aparıcı dövlətlərə gedirlər. Orada bəzi dairələrlə
görüşürlər. Təbii ki, belə olan təqdirdə ilin sonuna kimi Qarabağ probleminin həllində
hansısa real nəticənin baş verəcəyinə ümid etmək məntiqli görünmür”.
Seymur ƏLİYEV










