Professor baş naziri küçə döyüşünə çağırdı: “Sağ ol ki, döyüşməyi bizə öyrətmisən!”
Ermənistanda erməni dili və erməni tarixinin tədrisinin məcburi olmaması ilə bağlı Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Ali Təhsil və Elm haqqında qanun layihəsinə etdiyi dəyişiklik cəmiyyətdə ciddi qarşıdurmaya səbəb olub. Dəyişiklikdə “erməni dili", "erməni ədəbiyyatı" və "erməni tarixi" fənləri ali təhsil müəssisələrində tədrisinin bundan sonra məcburi xarakter almadığı vurğulanıb.
Moderator.az erməni mətbuatına
istinadən xəbər verir ki, bir neçə gündür ki, Təhsil Nazirliyi qarşısında
aksiya keçirən filologiya və tarix fakültələrinin müəllim-tələbə kontingenti
nazirliyin məlum qərarına etiraz edərək bunu rüsvayçı qərar adlandırıb. Aksiyada
iştirak edən professor heyəti hesab edir ki, baş nazir Nikol Paşinyanın hələ də
bu etirazlara reaksiya verməməsi anlaşılan deyil və bu, rəsmi İrəvanın erməni
dili və tarixinə olan ögey münasibətindən xəbər verir.
Paşinyanı küçə döyüşünə
çağıran etirazçılar, baş nazirə həm də təşəkkür ünvanlayıb. Onlar qeyd ediblər
ki, məhz Paşinyanın sayəsində erməni cəmiyyəti küçə döyüşlərini öyrənib və
mübarizənin bu növünə hər zaman hazırdır. Onlara küçə döyüşünü öyrətdiyi üçün Paşinyana
təşəkkür bildirən etirazçılar, baş naziri qaçıb gizlənməməyə, ortaya çıxaraq
onlarla döyüşməyə səsləyib. Sona qədər müqavimət göstərəcəklərini bildirən
etirazçılar, Təhsil Nazirliyinin qərarını əsl soyqırım adlandırıb:
“Universitetlərdə erməni
dilindən, erməni xalqının tarixindən qurtulmaq istəyirlər. Erməni dili və kilsə tarixindən qurtulmaq istəyi var. Bunlar
millətimizin kimliyinin əsas elementləridir, əgər bunlar aradan qaldırılsa, bu
millət üçün soyqırımdır ”.
Seymur ƏLİYEV
"Moderator.az" MMC
Zülfüqar Hüseynzadə
Tel: 0502711225, Whatsapp: 0507440247