Bu gün 13 noyabr - Ümumdünya Xeyirxahlıq Günüdür. Bəs cəmiyyətimizdə xeyirxahlığa yetərincə maraq və istək varmı? Xeyirxahlığın təbliği, onun təşviq edilməsi daha həssas və duyarlı cəmiyyətin formalaşması baxımından nə dərəcədə zəruridir?
Moderator.az-a açıqlama verən “Psixoqamma”nın rəhbəri, tanınmış psixoloq Limunət Əmrahlı xeyirxahlığın fərdi xüsusiyyət daşıdığını vurğulamaqla yanaşı, onun təbliğinin də vacib olduğunu qeyd etdi:
“Xeyirxahlıq fərdi xüsusiyyətdir. Xarakterin xüsusiyyətidir. Ümumiyyətlə, sövetlər birliyi dövründə tərbiyədə "xarakter tərbiyəsi" anlayışı vardı. Onu hər kəs geninə-boluna işlədirdi. Əslində, xarakterdə nə varsa, ömür boyu qalır. Sadəcə olaraq, tərbiyə yolu ilə onların rol davranışda nümayişinin, cəmiyyət üçün zərərli tərəflərinin qarşısı alınır. Şərait yaranan kimi həmin xüsusiyyət mütləq baş qaldıracaq. Əlbəttə, xarakterində qərəzlilik, münaqişəlilik, qısqanclıq, saymazlıq və digər bu kimi xüsusiyyətlər olanda,onların inkişafının qarşısı alınmalı, bunu üçün münasib tərbiyə şəraiti yaradıqlamalıdır. Ancaq əgər insan öz təbiətinə görə başqaları ilə paylaşmağı, bölüşməyi, yardım göstərməyi, dayaq olmağı sevirsə, bundan məmnunluq duyursa, biz ona "xeyrxah insan" deyirik. Qaldı ki, bu xüsusiyyətin cəmiyyətdə təbliğinə, etsinlər.
Dövlətin dalğa tezliyi üçün icazə verib cəmiyyətin maariflənməsi üçün imkan yaratdığı Azərbaycan televiziyalarının, radiolarının müqəddəs vəzifələrindən biri də budur - cəmiyyətdə insanlar arasında əlverişli qarşılıqlı münasibətlərin formalaşmasına töhvə vermək. Öyrətmək, yollar göstərmək. Mütəxəssisləri dəvət edib fikirlərini paylaşmaq. Əlbəttə ki,əgər onlar şou ailəminin əksər mənəvi dəyərlərdən uzaq olan, yetişən gəncliyə rahat və dəyərsiz yaşamağın yollarını təbliğ edən, cinsi oriyentasiyası, sağlam həyat tərzi pozulmuş səviyyəsiz nümayəndələrini deyil, xeyirxahlığı ilə tanınan şəxsiyyətləri təbliğ etsələr, yaxşı olar. Bu, belə olmalıdır. Televiziya cəmiyyətə yaxşıları sirayət etdirməldir. Xüsusilə, ölkədə bazaq iqtisadiyyatının sürətlə inkişaf etdiyi, rəqabət mühitinin yarandığı, insanlarda fərdiləşmə meyillərinin gücləndiyi bir dövrdə buna ciddi ehtiyac vardır. Bizə sadə görünən, lakin dövlətin fundamental dayaqlarından olan insan münasibətləri ilə bağlı məsələlər əvvəlcə gənc nəslin tərbiyə konsepsiyasında öz həllini tapmalı, sonra təhsildə həyata keçirilməlidir.
Bizim belə bir konsepsiyamız yoxdur. Nə qədər acınacaqlı olsa da. Bir neçə il əvvəl Təhsil Nazirliyində "Milli profil" layihəsi işlənilirdi. Həmin layihədə qeyd etdiyim məsələlərin əhatə edilməsi nəzərdə tutulurdu. Hanı? Nəticə yoxdur. Bu layihəni sifariş etmiş təşkilatlardan kimsə nəticəni soruşmur. Vəziyyətimiz belədir”.
Seymur ƏLİYEV