“Tariximizin qorunması, yaşadılması, təbliği ilə bağlı atılan hər bir addım faydalıdır”
Xəbər verdiyimiz kimi, bir müddət bundan öncə Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov maraqlı təkliflə çıxış edib. Belə ki, gələn il faşizm üzərində qələbənin 75 illiyinin bütün dünyada bayram ediləcəyinə diqqət çəkən polkovnik, ölkəmizdə Azərbaycanın II Dünya Müharibəsində iştirakçılığını, bu müharibədə göstərdiyi qəhrəmanlıqları əks etdirən muzeyin yaradılmasını təklif edib. C.Xəlilov hesab edir ki, belə bir muzeyin yaradılması həm faşizmə qarşı mübarizədə Azərbaycan xalqının verdiyi töhfənin təbliği, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından faydalı olar.
Moderator.az-a açıqlamasında
bu təklifə münasibət bildirən tarixçi alim, professor Nəsiman Yaqublu,
tariximizin yaşadılması istiqamətində atılan hər bir addımı təqdir etdiyini
vurğuladı:
“Tariximizlə bağlı görülən
hər bir işi faydalı hesab edirəm. Tariximizin yaddan çıxmaması üçün bunları etmək
lazımdır.
Azərbaycanın II Dünya
Müharibəsində iştirakı ilə bağlı sovet dönəmində bir sıra muzeylərdə çoxlu
sayda eksponatlar olub. Məncə, bu gün də həmin eksponatların bir qismi qalıb və
nümayiş etdirilir. Bu istiqmaətdə iş görülərsə, bu, faydalı bir iş olar. Lakin onu
da unutmamlıyıq ki, bizim Qarabağ savaşımız var. 30 minə qədər insanımız bu
savaşda həlak olub. Bu, birbaşa vətən savaşıdır. Bu insanlar vətənimizin azadlığı
uğrunda şəhid olublar. Biz o dövrü də, bu dövrü də, bu savaşda həlak olanları
da unutmamalıyıq.
Bir daha qeyd edirəm ki,
belə bir muzeyin yaradılması məsələsində problem görmürəm”.
Seymur ƏLİYEV
"Moderator.az" MMC
Zülfüqar Hüseynzadə
Tel: 0502711225, Whatsapp: 0507440247