Xəbər verdiyimiz kimi, Ermənistan gələn il üçün hərbi sənaye büdcəsini 22% artırıb. Bəs düşmənin öz hərbi sənaye potensialı üçün vəsaiti 22% həddində artırması Azərbaycan üçün ciddi təhlükə hesab edilə bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Biri var ki, 10 ədədinin 22%-i artsın, bir də var ki, milyonun 3%-i artsın. Aydın məsələdir ki,bu 3% həmin 22%-dən min dəfələrlə çox olacaq. Ermənistann büdcəsi gələn il üçün 3,9 milyard dollar qəbul edilib. Hansı ki,bu, bizim büdcədən dörd dəfə aşağı olacaq.
Ermənistanda müdafiə sənayesi sektoru həddindən artıq zəifdir. Ermənistan güclü silah-sursat istehsal edə bilmir. Ermənistan onun üçün gərəkli olan silah-sursatı xaricdən verilən kreditlər hesabına əldə edir. Ermənistan müasir silahlar almaq və ya istehsal etmək iqtidarında deyil.
Paşinyanın bu addımı Ermənistan cəmiyyətinin narahatlığına son qoymaq üçündür.
Hər hansı potensial artımından söhbət gedə bilməz.Ermənistanın potensialı ona güclü hərbi sənaye kompleksi yaratmağa imkan vermir. Ermənistan ən yaxşı halda yüngül hərbi sənaye məhsullarının istehsalını bir qədər artıra bilər. Hərbi əməliyyatlarda əsas faktor bu deyil. Bu gün hərbi əməliyyatlar düşmənlə üzbəüz gəlmədən döyüş aparmaq üzərində qurulub. Ermənistanda isə belə bir potensial yoxdur. Populistlik etməklə nə isə qazanmaq, cəbbəxana doldurmaq mümkün deyil.
Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi, Türkiyə torpaqlarına iddia etdiyi üçün onun iki güzlü dövlətlə əlaqəsi kəsilib. Buna görə də Ermənistanda əhalinin rifahı yüksəlmir. Ona görə də 30 ilə əhalini iki dəfə artıracağı, ordu gücünə görə İspaniyanı keçəcəyi və s.kimi açıqlamalar cəfəngiyyatdır və bunlar Ermənistanın özündə də ciddi qəbul edilmir. Ermənistanın hərbi gücü, hərbi potensialı Azərbaycan ordusu ilə müqayisədə qat-qat aşağıdır”.
Seymur ƏLİYEV