Artıq 2019-cu il başa çatmaq üzrədir. Təəssüflər olsun ki, bu il ölkəmiz bir sıra mühüm uğurlara imza atsa da, Qarabağ probleminin həllində hələ də hər hansı irəliləyiş baş vermədi.
Bəs gələn il Qarabağ probleminin həlli ilə bağlı hansısa ciddi yeniliyin baş verməsi ehtimalı nə dərəcədə böyükdür? 2019-cu illə vidalaşdığımız bir zamanda, 2020-ci ilin uğur gətirəcəyinə ümid edə bilərikmi?
Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bu məsələni proqnozlaşdırmağın kifayət qədər müşkül olduğuna diqqət çəkdi:
“Qarabağ problemi elə məsələdir ki, onun həlli ilə bağlı indidən nə isə söyləmək çətindir. Ona görə də bunu öncədən proqnozlaşdırmaq mümkün deyil. Sadəcə, bu istiqamətdə çalışmaları davam etdirmək lazımdır.
Bəzən elə nüasnlar olur ki, onu gündəmə gətirmək çətin olur. Çünki bu, beynəlxalq güclərin iradəsindən asılı olan məsələlər olur. Azərbaycan olaraq isə bizdən asılı olan addımları atmağa hər zaman hazırıq. Ola bilsin ki, gələn il sürpriz və irəliləyiş olsun. Bu da çoxsaylı ehtimallardan biridir”.
Seymur ƏLİYEV