PKK sıralarında çoxlu sayda erməni terrorçusunun mövcud olduğu, onların türk ordusuna qarşı birgə mübarizə apardığı zaman-zaman türk siaysi yetkililəri tərəfindən də vurğulanan bir həqqiətdir.
Madam ki, PKK və erməni terrorçuları arasında belə bir əməkdaşlıq mövcuddur, o zaman Türkiyə və Azərbaycanın da bu terrorçulara qarşı birgə mübarizə aparması məntiqli və məqəsəduyğun olmazmı?
Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bunun üçün hüquqi bazanın yaradılmasının vacib olduğunu vurğuladı:
“Bu, dövlətlərarası razılaşmadan asılıdır. Azərbaycanla Türkiyə terror təşkilatlarının tanınması ilə bağlı qarşılıqlı memorandum imzalamalıdırlar. Bizdə bildiyim qədəri ilə belə bir sənəd yoxdur. Parlament qərarı ilə dövlətlər bu terror təşkilatlarını tanımalıdır. Azərbaycan “Daşnaksütyun”, “ASALA”, “Qnçak”ı terror təşkilatı kimi tanımalıdır. Təəssüf ki, mən bildiyimə görə, bu təşkilatlar mediada terror təşkilatı kimi qeyd olunsa da, rəsmi şəkildə terror təşkilatı kimi tanınmayıb. PKK, PYD, DAİŞ və digər təşkilatlar da terror təşkilatı kimi tanınmalıdır. Bunlar rəsmən terror təşkilatı kimi tanınmalıdır ki, dövlət bundan sonra hərəkətə keçsin.
Bu gün Azərbaycanın beynəlxlq hüquqa görə heç bir əsası yoxdur ki, ya PKK-ya qarşı, yaxud Türkiyənin əsası yoxdur ki, “ASALA”ya qarşı hansısa birgə əməliyyatlar aparsınlar. Öncə bu boşluğu doldurmaq lazımdır.
Azərbaycanda terrorizmə qarşı mübarizə həm DİN, həm də DTX tərəfindən həyata keçirilir. Türkiyənin isə həm Müdafiə Nazirliyi, həm də MİT-i bu mübarizə üçün gərəkli səlahiyyət və gücə sahibdir. Onların nəzdində terrorçulara qarşı vuruşan xüsusi qruplar var.
Azərbaycan və Türkiyənin terror təşçkilatlarına qarşı birgə mübarizəsi həyata keçirilsə, bu, çox gözəl olar. Bu, həm türk dünyası üçün bir mesaj olar. Həm də ölkələrarası münasibətlər daha da yaxşılaşar. Hesab edirəm ki, belə bir mübarizənin təşkili faydalı olar”.
Seymur ƏLİYEV