(M.Prustun “İtmiş zamanın sorağında” romanı haqqında)
Əvvəli burada:
II məqalə: //moderator.az/news/282731.html
III məqalə: //moderator.az/news/283730.html
VI məqalə: //moderator.az/news/303815.html
VII məqalə: //moderator.az/news/305104.html
M.Prust yəhudilər və yəhudilik, yəhudi düşmənliyi mövzusunu bütün roman boyu, yeddi kitabın yeddisində də aktual saxladığı halda, bəzən bunu mənasız söhbət və mübahisə detalı kimi əhəmiyyətsiz saydığını obrazlarının dili ilə deyirdi. “Əslində irqlərin davamlılığından danışmaq, yəhudilərdən, yunanlardan, iranlılardan aldığımız məlumatı yanlış yerə aparıb çıxarır, bütün bu irqləri müxtəliflikləri ilə qəbul etmək gərəkdir. Lazım olanda antik rəsmlərdən də yunanların üzlərini tanıyırıq”.
Müəllif göstərir ki, sənət (teatr, balet, rəssamlıq və s.) irq müxtəlifliyini qabartmaq və ya hansısa özəllikləri önə çıxarmaq istəyəndə bayağılıq və solğunluq yaranır, ruhu təhrif edir və əsl mahiyyəti azaldır. Canlı və hərəkətli mimikalar muzeylərdə nümayiş olunan nümunələrdəki“tipiklik”dən daha təsirlidir. “Zəngin bir bankirin qızı və bu arada çox üzdə olan gənc yunanlı xanım tarixi və estetik baxımdan gözəl bir məclisdə helenistik sənətin (inkişaf etmiş yunan memarlığı və heykəltaraşlığı dövrü-İ.M.) ətdən-sümükdən olan fiquruna bənzəyir, teatrda səhnəyə çıxan oyunlar bu görüntüləri bayağılaşdırır. Eləcə də bir türk xanımın, bir yəhudinin bir salona girişiylə izlədiyimiz səhnə, əksinə, bu özəllikləri canlandırır...”
Üçüncü kitabda Prust daha çox aristokrat xanımların salonlarını, onların dəvət etdiyi qonaqların xislət və təbiətlərini, ruhunu incə müşahidələrlə rəsm edir. Məlum olur ki, bu salonların daimi qonağı olmaq üçün xeyli məziyyətlər, həmin cəmiyyətin yazılmamış qanunlarının tələblərinə cavab verə bilən özəlliklər lazımmış. Əsil-nəcabət faktı, etik davranış mədəniyyəti, sənət bilgisi, müəyyən polemikalara girmək üçün dünyagörüş, cəmiyyət həyatında baş verən hadisələr, hətta şəxsi həyat sirlərindən məlumatlılıq və s.
Müəllif yaşlı xanımların, kişilərin toplandığı və gəncləri də dəvət etdiyi salon yığıncaqlarının portretini mükəmməl kompazisiya sənətkarlığı ilə gözümüz önündə canlandırır. Öz zamanının insanlarını antik dövrün əfsanəvi qəhrəmanları, indi əxlaqsızlıqları qabardılan, mifə çevrilmiş obrazlarla müqayisə edir. Yunanların İkarusunu, Heraklisini, Zevsini yaradan, onlardan nümunə götürən adamlar yüz illər sonra onları tanrılaşdıran adamlardan fərqli deyildi. Yaddaşda antik əxlaq və əxlaqsızlıq qanunları bütün zamanlar üçün dəyişməz görünür. O davranışlara münasibət, dışlama və amansız yanaşma metodu belə dəyişməyib sanki...
“Dimdik oturan bu ciddi xanımların əxlaqsızlığı, danışanların dedi-qodusunda mənim xəyal etmədiyim bir ölçüdə, eramızdan əvvəlin, mamutlar (fillər) zamanının meyarlarına uyğun gəlirdi. Qısası, bəyaz, mavi və ya çəhrayı saçlı bu üç Parça saysız-hesabsız kişinin dönmüş taleyinin ipliyini əyirmişdi”.
“İtmiş zamanında sorağında” romanında uzaq və yaxın tarixin, xüsusən Fransa, Paris həyatı mənzərələrinin sosial-siyasi, ictimai, psixoloji tərəfləri tarixinin fraqmentləri canlı, yaddaqalan özəllikləri ilə bədiiləşir. Və bütün bunları o bədii təfəkkürün tam, monumental, parçalanmamış, zədələnməmiş sərhədləri, hüdudları daxilində, reallığı ehtiva edə biləcək şəkildə romanlaşdırır. Prust, özünə xas olan yeni bir təsvir estetikası yaradaraq, insan psixikasında, eləcə də ətrafdakı gerçəklikdə, sabit stereotiplərdən fərqli (əslində mövcud olan, lakin hamının görə bilmədiyi) xüsusiyyətləri göstərdi.
“Guermantes tərəfi” kitabının böyük bir hissəsini müəllif bilərəkdən aristokrat cəmiyyət salonlarındakı mənalı-mənasız söhbətlərin təfərrüatına həsr edir. Hər bir obrazın ədası, təkkəbbürü, iddiası, mimika və jestləri, bir-birinə yanaşma etikası və ya etikasızlığı, dialoq detalları, dedi-qodu mövzusu və eləcə də ölkənin ictimai-siyasi həyatında baş verən tarixi hadisələrə subyektiv münasibəti bizim “Bu qədər xırdalıq nəyə lazımdır?”- təəccübümüzə rəğmən ən kiçik nüansları, ən incə məqamları ilə əks olunur. Və nəticədə romanistin 100 il sonrakı oxucusuna nəyi necə və nə üçün demək istədiyinin fəlsəfəsini anlamış oluruq.
Məsələn, biz Fransa tarixindən “Dreyfus işi” hadisəsinin bir çox tərəflərini bilirik. Fransa ordusunda casusluqda günahlandırılıb 1897-ci ildəki hərbi məhkəmədə mühakimə olunan yəhudi əsilli kapitan Alfred Dreyfusu hökumətin bütün təzyiqlərinə baxmayaraq xalqın böyük bir hissəsi, eləcə də ziyalıların əksəriyyəti (Emil Zolya, Anatol Frans, Jan Jores, R.U. Russo və başqaları) müdafiə edirdi. Hətta E.Zolya “İttiham edirəm” adlı məqaləsinə, Fransada bununla bağlı kampaniya başladıb ziyalıları hərəkətə gətirməsi və sona qədər müqavimət göstərib ədalətin bərpa olunması uğrundakı mübarizəsinə görə təqiblərə və İngiltərədə mühacirət həyatı yaşamağa məcbur olmuşdur.
Yəhudi əsilli kapitan Alfred Dreyfusun ömürlük həbs cəzasına məhkum edilməsinin səbəbi 1894-cü ildə almanların lehinə casusluq etmək ittihamı ilə bağlı idi. Dreyfusun xətti Alman səfirliyinə göndərilən məktubdakı xəttə oxşadığına görə həbsə məhkum edilmişdir. İki il sonra məktubdakı xəttin Esterhazi adında bir mayora aid olduğunu kəşfiyyat rəisi podpolkovnik Pikar aşkar etmiş və Dreyfusun işi 1896-cı ildə yenidən gündəmə gəlmişdi.
1898-ci ildə irqçi etirazçılar “Yəhudilərə ölüm!”, “Xainlərə ölüm!” şüarları ilə mitinqlər keçirir, Dreyfusu müdafiə edən ziyalılara və yəhudilərə hücum olunurdu.
1899-cu ildəki məhkəmədə Dreyfus yenidən günahkar bilindi, lakin cəmiyyətdəki gərginliyi dayandırmaq üçün prezident Dreyfusu bağışladı.
Fəqət Fransız cəmiyyəti, aristokratiya məclisləri bu mövzunu həyatının, yaşantısının, söhbət və müzakirələrinin bir hissəsinə çevirdi. Uşaqdan böyüyə hər kəs cəbhələşdi: Dreyfus tərafdarı – Dreyfus əleyhdarı. Bu yanaşma qohumları, dostları bir-birindən ayırdı, məslək, əqidə mücadiləsi xarakteri aldı. Olay isə sirlərlə dolu idi. Yəhudi əsilli Dreyfus xain idi, ya yox, sona qədər müəmma kimi qaldı. Amma cəmiyyət bu müəmmanı rəvayət, nağıl, folklor ədəbiyyatı mövzusu kimi dildin-dilə, xatirədən-xatirəyə ötürdü.
“Bu məhkəmə mövzusunda hamınızı bir-birinizdən daha cansıxıcı görürəm” – dedi Guermantes hersoginyası. Elit cəmiyyətdə kimsənin özünü hansı tərəfəsə yönəltməyini ehtimal etməzdi. “Bu məhkəmənin yəhudilər baxımından mənim üçün heç bir nəticəsi olması mümkün deyil, səbəbi də çox sadə: zatən heç bir yəhudi ilə əlaqəm yoxdur və daima bu xoşbəxt cəhalət içində yaşamaq niyyətindəyəm. Fəqət bir yandan da əsla tanımayacağımız Durand və Dubois adlı bir neçə xanımın mühafizəkar olduqları, yəhudi tacirlərdən alış-veriş etmədikləri və ya çətirlərinin üstünə “Yəhudilərə ölüm!” yazısını yazdıqlarına görə Marie-Aynard və ya Victumienne tərəfindən bizə təbliğ olunmasına dözə bilmirəm, doğrusu. Keçən gün MarieAynarda getdim. Salonu əvvəllər çox xoş təsir bağışlayırdı. İndi həyatımız boyunca qaçdığımız nə qədər insan varsa, sırf Dreyfus əleyhdarı olduqları üçün ordadılar, kim olduğu bəlli olmayanlar hamısı”.
Daha sonra hersoginya bildiri ki, o feodal düşüncəli biri deyil, əgər dostdursa, yanında bir zənci ilə də gəzib-dolaşar və heç kimin münasibəti önəm daşımaz.
Dreyfus və yəhudilik problemi müzakirə olunan aylarda təkcə üsyançıların şüarlarında deyil, eləcə də elit və kübar insanlar toplumunda qəddarlıq, anti-humanist ideyalı fikirlər baş alıb gedirdi: “Gözlərin oyulmasına gəlincə, zatən yəhudi camaatının gözləri kordur, İncildəki həqiqətləri görməzlər. Necə olsa da, düşünün, bütün o zavallı yəhudilərin xristianların cahilliklə etdiyi şiddət qarşısında tir-tir titrədikləri bir zamanda mənim kimi birinin onların oyunları ilə əylənməyə dözüm göstərməsi, onlar üçün böyük şərəfdir”.
Öz milli vəzifəsini hətta yəhudi düşməni “Fransız Vətənpərvərlər Cəbhəsi”nə üzv olmaqla bitmiş hesab edən saysız-hesabsız insanların, fransız elitasının ictimai-siyasi, sosial dünyagörüşü təəccüb doğurur.
“Bizim Dreyfus tərəfdarı olan uşağımızla Guermanteslərin Dreyfus əlehdarı olan uşağı dava edirdi. Yuxarı səviyyədə, “Fransız Vətənsevərlər Cəbhəsi” dərnəyi ilə “İnsan haqları Dərnəyi” intellektualları arasında kəskinləşən həqiqətlər və əks-həqiqətlər dartışması xalqın ən aşağı səviyyəsinə qədər gedib çıxırdı”.
Bu cəmiyyətin əsas iddiası hər kəsin öz kökünü və əsil-nəsilini uzaq tarixə bağlamaq cəhdi ilə əlaqəli idi. Bütün söhbətlərin mayasında qarşısındakını özündən daha aşağı bir statusu olan nəsilə bağlama təlqini hiss olunur. Bəzən də bu iddia o qədər şişir ki, lətifə kimi yayılır və gülüş doğurur. Məsələn, hersoq deyir: “Mən qohumum Mirepoix qədər iddialı deyiləm, o sülaləsini İsadan əvvələ, Levi qəbiləsinə qədər aparıb çıxarır, mənsə ailəmizdə əsla bir tək damla yəhudi qanı olmadığını iddia edirəm”.
Və bu məqamda Prust üslubunun daha maraqlı nüansları ilə tanış oluruq. Aristokratiya cəmiyyətinin seçkinləri özlərini Dreyfus və yəhudilik məsələsinə münasibətdə laqeyd göstərməyə cəhd etsələr də, mütləq uzaqdan başladıqları söhbətlərdə guya sözarası replika kimi bu məsələyə dönürlər. “Hər şey bir yana”,- deyə araya girdi hersoq. “Bu Dreyfus məsum olsa belə, elə davranmadığı qətidir. Ədasından yazdığı məktublar nə qədər axmaqcasına, nə qədər təmtəraqlı! M.Esterhazi ondan daha yaxşıdır, bilmirəm, amma heç olmasa zərif, rəngarəng cümlələr qurur”.
M. de Norpoisin Blokla eyni görüşü paylaşırlarmış kimi danışmasının səbəbi, həddindən çox bir Dreyfus əleyhdarı olmasıydı. Necə ki hökumətin Dreyfus əleyhdarlığını kifayət hesab etmir, ona görə də Dreyfus tərəfdarları qədər hökumətə düşmən kəsilirdi. Dreyfus tərəfdarlığı və ya əleyhdarlığı az qala hər kəsin dünyaya və ölkədə baş verənlərə siyasi baxışı həddinə çatmışdı. Siyasi gerçəklikdən uzaqlaşdırılan, romantika və macərapərəstlik mövzusuna çevrilən Dreyfus hadisəsinin sonrakı tarixdə “Henri hadisəsi” ilə əvəzləndiyini yazıçı diqqət mərkəzinə gətirir. “Henrinin etirafı və ardından da edamı kimi sarsıdıcı bir hadisə belə oxşar macəralar faktı idi”. (Ehtimal ki, 1869-cu ildə Fransada anadan olan, qadınların pulunu oğurlayıb öldürən, məhkəmələrdə isə özünü məsum və günahsız göstərən, adamları buna inandıra bilən Parisin ən məşhur canisi Henri Desire Landrudan söhbət gedir-İ.M.)
“Siz cənab, – Blok, başqalarıyla birlikdə tanış edildiyi M.Argencourta dönərək dedi – şübhəsiz, Dreyfus tərəfdarı olmalısınız, çünki ölkədən kənarda hər kəs Dreyfus tərafdarıdır”.
M.Argencourt, xüsusi bir təkəbbür göstərərək, fikrini açıq şəkildə bölüşmək istəmədiyi həmsöhbətinə, əks fikir irəli sürdüyü üçün dedi:
“Bu məsələ fransızların özlərindən başqa kimsəni maraqlandırmaz, elə deyilmi?”
Vaxtilə aristokrat salonlarında zəngin, intellektual insanların, məsələn Svanın sevgisi və həyatı bitməyən dedi-qodu mövzusu olmuşdur. Bu gün isə Robert və Roşelin macərası həvəslə danışılır. Maraqlıdır ki, Robert də Svanın yolu ilə getmiş və aristokratiya cəmiyyətinə aid olmayan, hamının əxlaqsız qadın kimi tanıdığı məşuqəsi Roşeli ideal qadın modeli kimi qəbul etmişdir. O hətta bir məqamda öz oxşar vəziyyətini unudaraq madam Svan haqqında deyir: “Köhnənin fahişəsidir, əri də yəhudi, bizə isə milliyyətçilik dərsi verməyə başlayıb”.
Sakit və səssiz görünən həyat mənzərələri əslində dramatik olaylar və situasiyalarla doludur. Məsələn, Robertin ailəsində gələcək üçün faciəli sonluqla bitə biləcək bir kulminasiya hazırlanıb. O ən bayağı, küçə qadını hesab edilən Roşeli dəlicəsinə sevir və hətta onunla ailə qurmaq istəyir. Lakin anası madam Marsantes onu hədsiz dərəcədə zəngin bir qızla evləndirmək niyyətindədir.
“Guermantes tərəfi” kitabında əvvəlki qəhrəmanlar, əvvəlki maraqlar və cəmiyyətin özünüifadə üslubu olduğu kimi davam edir. Yenə də sənət, ədəbiyyat söhbətləri ilə səviyyə nümayiş etdirən insanlar danışır, yenə də Berqotte (A.Frans) hər kəsin, hətta Guermantes hersoginyasının görüşmək, ünsiyətdə olmaq istədiyi maraqlı adam olaraq qalır. “Tanış olmaq istədiyim tək insan Berqottedir... çox böyük zövq olur mənim üçün”- deyə bildirdi hersoginya.
Bu cəmiyyətin qəribə söhbət proqramı var. Nahar zamanı Emersondan, İbsendən, Tolstoydan bəhs edib, müzakirələr açan adamlar bir az sonra, məsələn çay süfrəsində ətraflarındakı məşuqələr və məşuqlar haqqında pıçıltı ilə danışmağa başlayırlar.
Roman boyu Prust üslubunun simvolik işarələrlə ideyanın mahiyyətinə vara bilmə xüsusiyyəti maraqla izlənilir. Yəni oxucu onlarla paralel üslub çoxluğunda həm də bu xətti tuta və izləyə bilir. Məsələn, elitlər və intellektuallar, əsilzadələr təntənəsindən, əyləncə və müzakirə, mübahisə səhnəsindən bəhs etdiyi məqamda maraqlı və əslində bu cəmiyyətin obrazını, adını, mahiyyətini aça bilən bir ifadə, bir başlıq atır ortaya: “Aristokratiya” adlanan simvolik şəkillər sərgisi...”
Görürsən ki, bu cəmiyyət özü də sənətdə, rəssamlıqda simvolik şəkil kimi müəmmalı və dekorativ, qeyri-real xarakterlidir. Hətta söhbətlərin birində Guermantes hersoginyası intellektualları, ziyalıları aristokratiya cəmiyyəti içərisində bayağılıq simvolu kimi xarakterizə edən adamlardan bəhs edir.
M.Prustun təqdimatı göstərir ki, bu cəmiyyətdə “aristokratiya” ad və sadəcə qabıq, örtük, pərdə kimi cazibəlidir. Bu örtüyün altında mənzərə fərqlidir. Yüksək sənət estetikası göstərməyə cəhd edən, təhsilli və dünyadan xəbərdar adamların məclislərində Berqottedən, hansısa memardan, rəssamdan söz açan ağızlar həm də şəxsi həyat macəralarını çözür və daha ehtiraslı maraqla şayiələr yayır.
M.Prust müşahidə, təhlil etdiyi insan tiplərinin psixologiyası, mənəviyyatı və düşüncə formasını tipin öz-özünü təqdim üsulu vasitəsi ilə bizə çatdırır. Aydın olur ki, onların istənilən bir məsələyə yanaşma tərzi öz dilləri ilə ifadə olunan düşüncə, dünyagörüş səviyyəsinə ekvivalentdir. Aşağıdakı sitata diqqət etsək, görəcəyik ki, aristokratiyanın seçilmiş və daha üstün statuslu qadınlarından biri- Guermantes hersoginyasının adi bir məsələyə münasibətində onun öz düşüncəsinin aşkar və gizli (əslində paradoksal) inikası gülüncdür. Bu gülünclük onunla izah edilir ki, zəngin və yuxarı silkə mənsub bir kişinin (Robertin) aşağı, həyatın dibinə yuvarlanmış əxlaqsız bir qadına (Roşelə) aşiq olmasını həm guya incəliklərinə qədər anlayır, həm də sona qədər təəccüb edir. Və M.Prust bu cür özünüinkar, özünüifşa üsulundan bütün əsər boyu istifadə edərək, sadəcə təhkiyəçi, müşahidəçi rolunda dayana bilir.
“Robertin ona aşiq olmasını heç cür anlaya bilmirəm”- dedi hersoginya. “Doğrudur, bu cür şeylər mübahisə doğurmamalıdır”- deyə filosofanə, təəssüflənən duyğusal biri kimi sevimli bir şəkildə dodaq büzərək əlavə etdi. “Kimsə nəyisə sevə bilər, bilirəm. Hətta”- deyə əlavə etdi. (Əslində bununla yeni ədəbiyyata istehza edirdi. Amma görünürdü ki, bu ədəbiyyat necə olsa da, qəzetlərin populyarlaşdırması və ya bəzi söhbətlər yolu ilə onun da daxilinə işləmişdir.) “Eşqin gözəlliyi də budur, eşqi əsrarəngiz edən də budur”.
– “Əsrarəngiz ha! Doğrusu, bunun mənim üçün bir az ifrata varılmış kimi göründüyünü etiraf etməliyəm, əziz qohumum”- dedi Argencourt Kontu.
– “Olarmı! Eşq son dərəcə əsrarəngizdir”- dedi hersoginya... “Əsasən bir insanın bir başqa insanı niyə sevdiyini bilmərik, ola bilər ki, bizim ehtimal etdiyimiz səbəbdən olmasın” – deyə gülümsəyərək əlavə etdi və beləliklə də irəli sürdüyü düşüncəni öz izahı ilə bir an içərisində inkar etdi. “Zatən əslində heç bir zaman heç bir şeyi bilmərik”- deyə şübhəli və yorğun bir tərzlə söhbəti bağladı. “Ona görə də aşiqlərin seçimini əsla dartışdırmaq daha ağıllı hərəkət olar”.
Və yenə də öz-özünü inkar edən cümləsi ilə düşüncə riyakarı obrazını tamamlamış olur. Yəni dönə-dönə dərin düşüncəli, anlayışlı insan kimi özünü göstərərk “Aşiqlərin eşqi müzakirə olunmaz!” – hökmünü verdiyi andan bir neçə saniyə sonra cahilcəsinə eyni təəccüb və təəssüfü təkrarlayır: “Mən yenə də gülünc bir insanın (Roşelin – İ.M.) belə cazibədar olmasına çaşıb qalıram”.
Roman fraqmentlərində Marselin sosial əhatəsini məqsədli şəkildə qruplaşdırılmasını görürük. Bu kitabda aristokratiya qrupu üzvlərinin hekayələri vərəqlənir. Maraqlıdır ki, rus sovet tənqidində M.Prust yaradıcılığına etinasızlığın bir səbəbi də onun aşağı təbəqəyə, sovet tənqidçilərinin dili ilə desək, proletariata nəzər salmaması idi. Buna görə onu rus ədəbiyyatına yad müəllif kimi xarakterizə edirdilər. (A.Voronski və başqaları)
M.Prustun yazı və intuisiya psixologiyası, duyumu, müşahidə dəqiqliyi roman sənətinə hədsiz dərəcədə çox keyfiyyətlər qazandırdı. “Hadisəsiz romanlar” ifadəsi öz izahını tapdı, minlərlə səhifənin boşuna yazılmadığı bilindi. Ədəbiyyat yeni baxış və ya yeni baxışın ədəbiyyatı meydana gəldi. Bu M.Prust ədəbiyyatı və ya M.Prust baxışının ədəbiyyatı, y da sadəcə ədəbiyyatda M.Prust hadisəsi idi...
“Eyni zamanda qeyd etmək lazımdır ki, Sovet tənqidçiləri və ədəbiyyat tarixçiləri anlayırdı ki, ədəbiyyatda Prustun özünəməxsus yeri var. Sovet ədəbi həyatının həddindən artıq siyasiləşməsi Rusiyadakı Prustçuluq ideyasına da təsir etdi. Bu cür siyasiləşmə Prustu hələ sosialist, “qabaqcıl”, “mütərəqqi” ədəbiyyata qarşı çıxanlar düşərgəsinə aparmalı idi. Beləcə, Prust hələ müəyyənləşdirilməmiş, “formalaşdırılmamış” ədəbi cəbhədə qaldı”.
Prustu “nəhəng kəşflərin yazıçısı” adlandıran A.D.Mixaylov həm də qeyd edirdi ki, Axmatova, Svetayeva, Pasternak, Georgi İvanov, Georgi Adamoviç, Kuzmin, Mandelştam və digərləri ilə yanaşı Prustu oxuyan və anlayan adamlar var idi. Lakin bu dairə çox dar idi. Çox zaman əhəmiyyətsiz işlərlə məşğul olan sovet tənqidçiləri Prusta əhəmiyyət vermədi, ona səthi və primitiv şəkildə yanaşdılar. Beləliklə, rus oxucuları və tənqidçilər üçün Prust arxaplanlı yazıçı olaraq qaldı.
Ardı var
07.01.2020
İradə Musayeva