Təmas xəttinə yaxın bölgələrdə istehsalat müəssisələrinin, sənaye və kənd təsərrüfatı obyektlərinin inşası hər zaman aktual olan məsələlərdəndir. Bu baxımdan bir müddət bundan öncə Türkiyə səfirinin türk iş adamlarının Ağdam rayonu ərazisində sənaye müəssisələri inşa edəcəkləri ilə bağlı verdiyi açıqlama mühüm əhəmiyyətə malikdir. Çünki insnalara yeni iş imkanları verən bu cür obyektlərin yaradılması, həm insanlarımızın məşğulluq probleminin həlli, həm də regionlardan Bakıya axının qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bəs türk iş adamlarının təmas xəttinə yaxın ərazilərdə istehsalat müəssisələri yaratmasının daha hansı faydaları mövcuddur?
Moderator.az-a açıqlama verən iqtisadçı alim Vüqar Bayramov türk iş adamlaırnın ölkəmizdə həyata keçirəcəyi bu layihələrin böyük önəm kəsb etdiyini vurğuladı:
“Təbii ki, belə müəssisələrin yaradılması hər şeydən əvvəl vətəndaşlar üçün yeni iş imkanı deməkdir. Bu, məşğulluq probleminin həlli, insanların sosial rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, yerlərdə iş imkanlarının genişlənməsi insanların paytaxta axınını da əhəmiyyətli dərəcədə önləyən faktordur.
Türk iş adamlarının ölkəmizə gəlişi, burada hansısa istehsalat müəssisələri inşa etməsi xarici investisiyanın ölkəmizə cəlb edilməsi baxımından da arzuediləndir. Bu, bütövlükdə ölkə iqtisadiyyatımızın inkişafına fayda verən bir adımdır. Buna görə də, türk şirkətlərinin bölgələrdə, eləcə də təmas xəttinə yaxın olan rayonlarımızda bu cür müəssisələr açması təqdiredicidir”.
Seymur ƏLİYEV