Doğma Şuşanın “balaca qəhrəmanlarının” xatirəsinə...
Biz savaş dövrünün uşaqlarıydıq,
Yarı uşaq idik, yarı da əsgər.
Bizimçün doğmaydı evimiz qədər,
Daim barıt qoxan hər soyuq səngər.
Kiminin atası səngərdə idi,
Kiminin əmisi, yaxud qardaşı.
Müqəddəs bilirdik əsgər əlinə,
Əsgər ayağına dəyən hər daşı.
Bəzən biz silərdik əsgər silahın
Söküb hər yerini təmizləyərdik.
Onu hər əyləncə, hər oyuncaqdan,
Hər şeydən, hər şeydən əziz bilərdik.
Bəzən böyüklərdən icazə alıb,
Biz də əlimizə silah alardıq.
Hətta bircə dənə güllə atanda,
İlahi, necə də qürurlanardıq.
Dərsə də gedəndə bir-birimizə,
Silahdan, sursatdan sual verərdik.
Dərsdə də cəbhədən danışardıq biz,
Dərsdə də döyüşdən söhbət edərdik.
Şəhər bombalanır, sinifdə isə
Yüksəlir müəllimin səsi, nəfəsi.
Hər gün qarışırdı zəngin səsinə,
“Katyuşa” sədası, raket nərəsi.
Müəllimlər anaydı, ataydı bizə
Bizi hər addımda qoruyardılar.
Atəş güclənəndə biz uşaqları,
Məktəbdən tez evə buraxardılar.
Uşaqlar - şən, dəcəl, çılğın uşaqlar,
Ölüm qorxusu da üşütməz sizi.
Heç nə savaş qədər ağıllandıra,
Heç nə savaş qədər böyütməz sizi.
Sizdə ağrı da var, təbəssüm də var,
Qoşulub illərə gedən uşaqlıq.
Əlvida, əlvida barıt qoxuyan,
Əlvida səngərdə keçən uşaqlıq.
Seymur ƏLİYEV
e-mail: [email protected]