Bu günlərdə 1990-cı ilin 20 Yanvar faciəsinin 30-cu ildönümü respublikamızın bütün bölgələrində qeyd edilməkdədir. Düz 30 il bundan öncə Azərbaycan xalqının azadlıq arzusunu boğmaq üçün imperiya ordusunu Bakıya yeridən sovet Moskvası, 100-dən çox insanımızı şəhid etmiş, 600-dən çox insanın yaralanmasına səbəb olmuşdur.
1990-cı ilin Yanvar olayları fonunda sovet hökumətinin Bakıda törətdiyi vəhşiliklər dünyanın bir çox ölkələrinə yayılsa da, qardaş Türkiyə bu qətlima daha sərt reaksiya vermiş, Türkiyənin bir çox şəhərlərində Azərbaycanla bağlı dəstək aksiyaları keçirilmişdir. Sovet imperiyasını Azərbaycanda törətdiyi zorakılığı dayandırmağa səsləyən Türkiyə ictimaiyyəti, xalqımızın haqq səsinin dünyaya çatıdırıllmasında da yaxından iştirak etmiş, Bakıya yardımla bağlı geniş müzakirələr aparılmışdır.
Moderator.az-a açıqlama verən politoloq Natiq Miri bunu, Türkiyənin 1990-cı ildə, Azərbaycanın hələ müstəqillik əldə etmədiyi bir dövrdə xalqımıza verdiyi mühüm dəstəklərdən biri kimi xarakterizə edib:
“Təbii ki, Türkiyənin 1990-cı ildə, 20 Yanvar olayları fonunda ölkəmizə verdiyi dəstək mühüm və təqdirəlayqidir. Məsələ ondadır ki, Türkiyə və Azərbaycan xalqları ayrı xalqlar deyil. Azərbaycan türkləri ilə Anadolu türkləri oğuz boyundan gələn qardaş xalqlardır. Onların dili də, mədəniyyəti də, adət-ənənləri də birdir. Demək olar ki, onların heç bir ciddi fərqliliyi yoxdur. Onlar eyni ata-anadan olan doğma qardaşlardır.
Türkiyə 1990-cı ildə Azərbaycana mənəvi konteksdə yardım etmiş, onunla həmrəylik sərgiləmişdir. Qardaş qardaşa dar gündə necə kömək edirsə, Trükiyə və Azərbaycan da bir-birlərinə hər zaman belə dəstək verib. Biz tarixin bütün mərhələsində bunu görmüşük. Əminəm ki, bundan sonra da məhz belə olacaq.
Bu gün başda qardaş Türkiyə olmaqla türk dünyası getdikcə toparlanmaqda və güclənməkdədir. Düşünürəm ki, türk cümhuriyyətləri, türk xalqı gələcəkdə dünyaya ədalət gətirən yeganə etnos və dövlətlər olacaq”.
Seymur ƏLİYEV