Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 20 Yanvar olaylarının 30-cu ildönümü ilə bağlı maraqlı açıqlama ilə çıxış edib. 30 il öncə Azərbaycan xalqına qarşı sovet rəhbərliyinin yol verdiyi cinayətdə Mixail Qorbaçovun məsuliyyət məsələsinə toxunan H.Hacıyev, ondan Nobel sülh mükafatının geri alınmasının hələ də gec olmadığını bildirib.
Moderator.az-a açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova H.Hacıyevin təklifini dəstəklədiyini vurğulayıb:
“Təbii ki, Azərbaycan bu yöndə lazımi addımları atmalıdır. 20 Yanvar faciəsindən 30 il keçib. Amma bu faciə ətrafında tədqiqat işləri bu gün də davam edir. Sovet dövlətinin hərbçilərinin, siyasi xadimlərinin yazılarında, memurlarında 1990-cı ilin 20 Yanvar faciəsi ilə bağlı yeni məlumatlara rast gəlinir. Bu məlumatlar, habelə Qorbaçovun özünün zaman-zaman bu məsələ ilə bağlı verdiyi ziddiyyətli açıqlamalar göstərir ki, 20 Yanvar faciəsində birmənalə şəkildə məsuliyyət daşıyan, əmr verən, verilən əmrin icrasını tələb edən, anti-konstitusyon, anti-insani addımın atılmasına qərar verən şəxs o dövrdə sovetlər birliyinin rəhbəri olmuş M.Qorbaçovdur. Onun 20 Yanvar faciəsi ilə bağlı məsuliyyətdən qaçmaq cəhdləri əslində özünüifşa məzmunu daşıyır. Yalnız Qorbaçovun deyil, bu cinayətin həyata keçirilməsində iştirakı olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsi olduqca vacibdir. Cinayət cəzasız qalanda bu cinayətlərin növbəti dəfə təkrarlanmaq imkanı olur. Həmçinin, bu cinayətin qurbanı olmuş insanların haqqı tapdanmış olur.
H.Hacıyevin bu məsələni gündəmə gətirməsi olduqca önəmlidir. Bu, 30 ildir ki, cəzasız qalan cinayətin yenidən beynəlxalq aləmin dqiqətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayətkarların cəzalandırılması ilə bağlı Azərbaycan xalqının haqlı tələbi bir daha müasir dünya dövlətlərinin başçılarına, siyasi liderlərə bir mesaj olar və onlar öz məsuliyyətlərini bir daha dərk etmiş olarlar. Onlar bir daha anlayarlar ki, yol verdikəri hər hansı bir zorakılıq illər sonra da onların adlarında və rəhbərlik etdikləri dövlətlərin üzərində bir ləkə kimi qalacaq.
Azərbaycan tərəfi belə bir iddia ilə çıxış etməkdə haqlıdır. Bu, heç də 30 il ərzində unudulan və təsadüfən gündəmə gələn məsələ deyil. Azərbaycan hər il bu faciənin ildönümünü yüksək səviyyədə qeyd edir. Bununla bağlı Azərbaycan tərəfindən lazımi cinayət işi də açılıb, lazımi təhqiqatlar da aparılıb. Toplanmış sənədlər, istintaq materiallar, şahid ifadələri Azərbaycandan kənarda mövcud olan rəsmi sənədlər tam olaraq imkan verir ki, Azərbaycan belə bir iddia ilə çıxış etsin. Bu, həm hüquqi, həm də tarixi-mənəvi baxımdan mühüm önəm kəsb edən bir məsələdir. Azərbaycan dövləti bu addımı atmaqla 20 Yanvar olayları ilə bağlı iradəsini növbəti dəfə ortaya qoymuş olar”.
Seymur ƏLİYEV