Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “ASAN könüllüləri”nin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsi özünəməxsus şəkildə anılıb.
Moderator.az xəbər verir ki, 20 Yanvar hadisələri zamanı şəhid olan 147 şəhidin xatirəsinə ehtiram əlaməti olaraq, Bakı-Şamaxı avtomobil yolunun Abşeron rayonu hissəsində 147 ağac əkilib. Ağacların əkilməsində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, eləcə də icra hakimiyyətinin digər yetkililəri iştirak edib.
Əkilən hər bir Eldar şamı və sərv ağacının üzərinə 20 Yanvar şəhidlərinin hər birinin adını, soyadını, o cümlədən yaşını əks etdirən xüsusi lövhələr asılıb.
Aksiyada Abşeron rayon məktəbliləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, səhiyyyə işçiləri və s. də yaxından iştirak edib.
Xatırladaq ki, yanvarın 20-də 1990-cı ilin 20 Yanvar faciəsinin 30-cu ildönümü tamam olur. Hansı ki, 30 il öncə sovet ordusunun Azərbaycana hərbi müdaxiləsi nəticəsində 147 vətəndaşımız şəhid olub, 600-dən çox insan yaralanıb.
Abşeron Rayon İcra Hakimiyyətinin 20 Yanvar qəhrəmanları ilə bağlı anım tədbirini məhz bu şəkildə təşkil etməsi, şəhidlərimizə hörmət və ehtiramla yanaşı, rayon ərazisində yaşıllıqların artırılması, ekoloji mühitin yaxşılaşdırılması baxımından da təqdirəlayiqdir.
Seymur ƏLİYEV