ABŞ-ın yeni nəsil dronları Pentaqonun ənənəvi rəqibləri olan Çin və Rusiyanı qorxuya salıb.
Moderator.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu dronları adıçəkilən dövlətlər üçün qorxu mənbəyinə çevirən əsasən iki amil mövcuddur ki, bunlardan biri həmin dronların ən qatı zülmətdə belə çəkilişlər aparmaq, istənilən əməliyyatı qüsusuz şəkildə yerinə yetirmək bacarığıdır.
Məlum dronların daha bir özəlliyi isə onların bir ölkə üzərində uçduğu təqdirdə belə qonşu ölkələri “görmək”, həmin ölkə ərazisində çəkiliş və izləmə əməliyyatları aparmaq xüsusiyyəti ilə əlaqədardır.
ABŞ yeni nəsil "Global Hawk" dronlarından “dost olmayan” ölkələrə qarşı istifadə edəcəyini gizlətməyib. ABŞ yetkililəri bu dronlardan NATO-ya üzv dövltlərində geniş şəkildə tətbiq edəcəklərini, bu yolla müttəfiq dövlətlərlə qonşu ölkələri “nəzarətdə saxlayacaqlarını” bildirib. Bu isə o deməkdir ki, həmin dronları vurmaq izlənilən ölkələr üçün mümkün olmayacaq. Çünki bu dronlar izləmə əməliyyatını başqa ölkələrin səmasında aparacaq ki, onları təsbit etmək ikiqat çətin olacaq. Hətta təsbit olunduqları təqdirdə belə bu dronlara atəş həmin ölkənin hava sərhədlərini pozmaq demək olacaq ki, bu da müharibə deməkdir.
Məlumat üçün qeyd edək ki, bu dronlardan istənilən obyektə, o cümlədən rabitə qovşaqlarına, avtomobillərə nöqtə-zərbələr endirmək, istənilən hədəfi yüksək dəqiqliklə sıradan çıxarmaq mümkündür.
Seymur ƏLİYEV