Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası növbəti dəfə nümayiş edilib. Dünya şöhrətli yazıçı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan tamaşada əsas rolda Əməkdar artist Mehriban Xanlarova çıxış edib.
Moderator.az-a açıqlamasında tamaşa ilə bağlı fikirlərini bölüşən Əməkdar artist qarşıdakı planlarından da bəhs edib:
“Bildiyiniz kimi, bu tamaşa çoxdan gedir. Biz Qırğızıstanda da bu tamaşanı nümayiş etdirdik. Mən oradan ən yaxşı aktrisa nominasiyası ilə qayıtdım. Hətta pul mükafatı da oldu. Hansı ki, ölkəmizə belə bir nominasiya ilə qayıtmağı özümün ən böyük uğurlarımdan biri hesab edirəm.
“Manqurt” tamaşası Gürcüstanda da çox yaxşı qarşılandı. Burada da insanlar tamaşaya böyük maraq göstərdilər.
İrəlidə yenə səfərlər gözlənilir. Ümid edirəm ki, yenə Azərbaycana nominasiyalarla qayıdaram. Ötən gün keçirilən tamaşa da böyük marağa səbəb oldu. Ancaq təbii ki, bu haqda həmin tamaşaya baxan şəxslərin danışması daha düzgün olar”.
Mehriban Xanlarova tarixi zəmində baş verən hadisələrdən bəhs edən tamaşalarda iştirakla bağlı təklif gələrsə, bu cür təklifləri dəyərləndirməyə hazır olduğunu bildirib.
Seymur ƏLİYEV