Türkiyədə baş verən zəlzələ qardaş ölkə ilə yanaşı, Azərbaycanda da böyük təəssüf və kədər hissi ilə qarşılanmaqdadır. Artıq baş verən fəlakətdə zərər görənlərə maddi-humanitar yardımların göstərilməsi məqsədi ilə Türkiyədə müxtəlif kampaniyalar həyata keçirilməkdədir.
Bəs Azərbaycan toplumunda Türkiyəyə dəstək məqsədi ilə bu cür xeyriyyə aksiyalarının keçirilməsi qardaş ölkəyə həm maddi, həm də mənəvi yardım göstərmək, onunla həmrəylik sərgiləmək baxımındna nə dərəcə arzuedilən və gərəklidir?
Moderator.az-a açıqlama verən Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu belə bir təşəbbüsün arzuedilən olduğunu qeyd etdi:
“Türkiyənin kədəri bütün Türk dünyasının kədəridir. Zəlzələdə həyatını itirən soydaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa arzulayıram. Tarix boyu dara düşəndə Türkiyə Azərbaycana, Azərbaycan Türkiyəyə qardaş yardımı edib. Balkan müharibəsi zamanı öz vətənlərindən didərgin düşərək Anadoluya sığınan Balkanların Müsəlman Türk əhalisinə Azərbaycandan da ciddi yardımlar getmişdi. Hətda Zeynalabdin Tağıyev Ədirnədə Balkan qaçqınlarının uşaqları üçün Yetimlər evi də inşa etdirmişdi. Birinci Dünya Müharibəsi illərində rus işğalına məruz qalan Şərqi Anadolu vilayətlərindəki yetim uşaqları yenə bizim xeyriyə cəmiyyətləri, milli komitələr alıb gətirib Bakıdakı , Gəncədəki yetimxanalara yerləşdirmişdi. Azərbaycanı qurtaran Qafqaz İslam Ordusu da buradan gedərkən xəzinəsində olan pulları Xalq Cümhuriyətimizin büdcəsinə köçürüb getmişdi. Biz vahid bir orqanizmin parçalarıyıyıq, qardaşıq. Allaha şükür, Türkiyə bütün bu fəlakətlərin öhdəsindən gələcək böyük bir dövlətdir.Ancaq dövlətimiz kimi cəmiyyətimiz, iş adamlarımız da Türkiyə ilə həmrəylik, yardımlaşma nümunəsi göstərərək Əlazığda zəlzələdən zərər çəkın insanlara yardım göndərsə çox yaxşı olar”.
Seymur ƏLİYEV