III
ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən - 700 bal toplayan abituriyent
Murğuzova Nərminə sevincini musavat.com-la bölüşdü. Ölkə üzrə rekord nəticə
qazanan Nərminə Murğuzova 700 bal topladığı üçün çox sevindiyini deyib və bunun
üçün valideynlərinə, müəllimlərinə borclu olduğunu bildirib. Yusif Sadıqov
adına Bozalqanlı kənd orta məktəbini bitirən Nərminə 700 bal toplayacağına əmin
olduğunu deyir. Nərminəni ziyarətə getdiyimiz zaman millət vəkili Qənirə
Paşayevanın da abituriyentimizi və ailəsini təbrik etmək üçün orada olduğunu
gördük.
Q.Paşayeva Nərminənin 700 bal toplayaraq valideynlərinin və rayonumuzun üzünü
ağ elədiyini dedi: “Nərminə qəbul imtahanında yüksək bal toplayaraq həm
bizlərin, həm valideynlərinin başını uca etdi. Bir qızın bu qədər yüksək bal
toplaması mənim üçün daha gözəldir. Bu feminizm deyil. Təhsilli qadınlarımız nə
qədər çox olsa cəmiyyət o qədər irəli gedəcək. Nərminəni əvvəldən tanıyırdım.
Biz gözləyirdik ki, o yüksək bal toplayacaq. Nərminənin bacısı Aytəndən də
yüksək nəticə gözləyirəm. Nərminə Bakı Dövlət Universitetinin hüquq fakültəsində
oxumaq istəyirdi. Amma belə qərara gəldik ki, Prezident yanında Dövlət
İdarəçiliyi Akademiyasında oxusun. İnşallah belə davam edər və yaxşı nəticə ilə
təhsilini başa vurar”.