“Bu
həbslərin təkcə ifadə azadlığı deyil, həm də bütünlükdə demokratik inkişaf üçün
mənfi təsiri var”. Moderator.az xəbər verir ki, bunu ARTİCLE 19
hüquq müdafiə təşkilatının icraçı direktoru Anyes Kalamar bildirib: "Son
aylar Azərbaycanda onlarla digər müxalifət fəalının həbsindən sonra iyulun
15-də üç azərbaycanlı gənc fəalın 15 gün inzibati həbs cəzasına məhkum edilməsi
siyasi motivlidir".
ARTİCLE 19 hüquq müdafiə təşkilatı fəalların davam etməkdə olan
təqiblərini pisləyir, deyə təşkilatın bəyanatında bildirilir. “Fəalların ifadə
azadlığını - əsas hüquqlarından birini həyata keçirdiklərinə görə həbsi
seçkilər ərəfəsində insan hüquqlarına hörmət olmadığını göstərir”, ARTİCLE
19-un icraçı direktoru Anyes Kalamar bildirib. “Cəmiyyətin sağlam siyasi
müzakirədə iştiraka ehtiyacı var. Bu həbslərin təkcə ifadə azadlığı deyil, həm
də bütünlükdə demokratik inkişaf üçün mənfi təsiri var”, deyə o əlavə edib.
Gənclər təşkilatlarının üzvləri Ülvi Həsənli, Məcid Mərcanlı və Kənan Qasımlı
iyulun 14-də Bakıda həbs edilib. Növbəti gün hər üçü polisə müqavimət ittihamı
ilə 15 sutka həbs edilib.
Lakin əsl səbəb Bakı metropoliteninin divarlarına NİDA laqosu ilə “Hökumətdən
qorxmayın. Hökumətə etiraz edin və hökuməti dəyişdirin” sözləri yazılan
vərəqələrin yapışdırılması olub.
Daha bir fəal - Emil Bağırov iyulun 14-də günün ikinci yarısında saxlanılıb,
amma sonradan sərbəst buraxılıb.
ARTİCLE 19 hesab edir ki, hakimiyyətin son sərt davranışları oktyabrda keçiriləcək
prezident seçkiləri ilə bağlıdır. Son aylar onlarla gənc fəalın müxtəlif
səbəblərlə həbsi də məhz bununla bağlıdır.
Çox vaxt hakimiyyət “xoşagəlməyən” blogerləri və jurnalistləri, habelə
müxalifət fəallarını narkotik saxlamaqda və xuliqanlıqda ittiham edir. Bir
qayda olaraq, bu insanlar hökumətdə və digər dövlət orqanlarında korrupsiyanı
fəal şəkildə ifşa edir.
Prezident seçkiləri yaxınlaşdıqca hakimiyyət fərqli düşünənlərin və müxalifətin
təqibini gücləndirir. Nəticədə bir çox müxalifət fəalları və Azərbaycan
gəncləri öz fikrinə və mövqeyinə malik olmaq hüququ uğrunda mübarizə ilə
qarşılaşır.