Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin Bakı şəhərindəki bəzi şöbələrində şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi ilə bağlı cərimə problemi yaşanır.
Bu barədə Moderator.az saytını məlumatlandıran özəl mənbənin sözlərinə görə, son vaxtlar vətəndaşların şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi üçün ASAN xidmətə kütləvi müraciət etməsinin də əsas səbəblərindən biri budur:
“Sözügedən dövlət orqanlarında etibarnamə müddəti çoxdan başa çatan şəxsiyyət vəsiqələrinin yeniləri ilə əvəzlənməsi prosesi zamanı vətəndaşlardan bəlli bir miqdarda cərimə tələb olunur. Gecikdirmələr üçün nəzərdə tutulan bu cərimələr isə vətəndaşları ASAN xidmətə müraciət etməyə vadar edir. Nə qədər qəribə də olsa, Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin Bakı rayon şöbələrində tələb edilən cərimələr ASAN xidmətdə tələb edilmir. Məhz bu səbbədən də vətəndaşlar şəxsiyyət vəsiqələrinin dəyişdirilməsini ASAN xidmətdə həyata keçirməyi daha məqbul hesab edir. Vətəndaşların fikrincə, müxtəlif səbəblər üzündən şəxsiyyət vəsiqələrini zamanında dəyişdirə bilməyənlər insanlardan heç bir cərimnə tələb etməyən ASAN xidmət onların maraqlarına daha çox cavab verir. Habelə, iki dövlət qurumunun eyni qanun pozuntusuna fərqli münasibəti ictimai rəydə çaşqınlığa səbəb olur. Vətəndaşlar hesab edir ki, əgər şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi ilə bağlı gecikdirmələrə görə cərimə tətbiq edilirsə, o zaman bu, bütün əlaqədar dövlət qurumlarına aid olmalıdır. Yox əgər belə bir cərimə məqbul hesab edilmirsə, o zaman bütün aidiyyati dövlət qurumları vətəndaşlardan cərimə tələb etməməli, gecikmələrə görə cərimələr ləğv edilməlidir”.