“İsrailin
İrana hücum edə biləcək gücü yoxdur”. APA-nın “Fars” xəbər agentliyinə
istinadən məlumatına görə, bunu İranın yeni prezidenti Həsən Ruhani bildirib.
Onun sözlərinə görə, İranın 8 illik bir müdafiə təcrübəsi var: “8 illik
müqəddəs müdafiə dövründə (İran-İraq müharibəsi nəzərdə tutulur) əldə edilən
bütün zəfərlər İran xalqının qələbəsidir. Müqəddəs müdafiə dövründə böyük
əməliyyatlarımız oldu. Bu əməliyyatlarda hər kəsin bir cür payı vardı. Ona görə
də heç kimsə “yalnız mən vardım” deyə bilməz. İsrail kimdir ki, bizi təhdid
etsin? Bu işğalçı rejim bizi həqiqi mənada təhdid edə bilməz, yalnız quru
səs-küy qopara bilər. İsrailin İran xalqını həqiqi təhdid edə və ölkəmizə qarşı
hərbi müdaxilə edə bilməməsinin səbəbi 8 illik müqəddəs müdafiədir. Onlar
bilirlər ki, əgər bu hadisə baş verərsə, İran xalqı səmimi qəlblə, qorxmazlıqla
və iqtidarla dayanacaq”.
H.Ruhani deyib ki, İranın Livan və Fələstindəki müqavimət hərəkatlarına dəstəyi
davam edəcək. İran prezidenti həmçinin Suriya xalqının ölkədəki böhrana son
verəcəyini də vurğulayıb: “Suriya xalqı xeyriyyəçi və sülhsevər qüvvələrin
səyləri ilə mövcud şərtləri müvəffəqiyyətlə geridə buraxacaq, ölkənin
müstəqilliyini və ərazi bütövlüyünü qoruyacaq. İran və Suriyanın dərin və
tarixi əlaqələri var. Hər iki xalq İsrail başda olmaqla təcavüzkarların bölgə
xalqlarına qarşı sui-qəsdləri ilə mücadilədə əməkdaşlığı inkişaf etdirəcəklər”.