Xeyli müddətdir ki, Suriyada onsuz da gərgin olan vəziyyət son günlər daha da gərginləşməkdədir. Türk ordusuna xain hücumların ardınca Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Əsəd rejimini hər yerdə vuracaqları ilə bağlı verdiyi açıqlama, habelə Rusiya mediasında yer alan “türklər müttəfiqlərimizi qırır” kimi fikirlər, Suriyada proseslərin daha da mürəkkəbləşə biləcəyindən xəbər verir. Xatırladaq ki, Avropa İttifaqı da Suriyada Türkiyə ilə Rusiya arasında qarşıdurma ehtimalının artdığını bildirib.
Maraqlıdır, belə bir şəraitdə Azərbaycan və digər türk dövlətlərinin Türkiyəyə daha ciddi dəstəyinə ehtiyac varmı? Türkiyənin digər türk dövlətlərinin dəstəyini öz üzərində hiss etməsi indiki məqamda ikiqat əhəmiyyətli hesab edilə bilərmi?
Moderator.az-a açıqlama verən Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu Türkiyəyə dəstəyin bütün türk dünyasının maraqları baxımından vacib olduğunu vurğuladı:
“Ümumiyyətlə götürsək, Rusiya bir neçə əsrdir başda Türkiyə olmaqla, bütün Türk dünyası üçün strateji problemlər yaratmağa davam edir. Kazan xanlığının işğalından Qarabağa qədər tarixi prosesləri, rus işğalının hədəflərini, ələ keçirdiyi və nəzarət altında tutmağa çalışdığı coğrafiyaları incələsək, birbaşa Türk varlığıyla mübarizə apardığını görərik. Çünki Türklər Avrasiya bölgəsinin dominant, oyunqurucu gücü olublar və Rusiya da bu coğrafiyaya hakim olmaq istəyir, bizim torpaqlarımız hesabına öz ərazilərini genişləndirir.
Əslində, dəfələrlə ifadə etdiyim kimi, Kırımdan Qarabağa bütün milli məsələlərimizin həlli yolu tariximizə də, millətimizə də, coğrafiyamıza da bir bütün olaraq baxmaqdan keçir. Türkiyənin hədəf alınması, zəiflədilməsi bütün Türk-İslam aləminin zəiflədilməsi deməkdir. Türkiyə güclü olarsa, Azərbaycan da, Türk cümhuriyətləri də bu coğrafiyada güclü olar.
Baxın, Türkiyə, Azərbaycan nə qədər Rusiya ilə daha yaxşı münasibətlərə - əməkdaşlığa, yaxın olmağa can atırsa atsın, Moskvanı öz milli maraqlarından başqa bir şey düşündürmür. Bizim tarixi torpaqlarımızda bir erməni dövləti qurub indi Qarabağda ikincisini də qurmaq üçün çalışırlar.
Suriyada Astana razılaşması çərçivəsində Türkiyənin həlledici töhfəsiylə müharibə dayandı, sülh müzakirələri başladı. Suriyanınn gələcəyini müəyənləşdirəcək konstitusiya yazılmalı, müxalifətlə Əsad arasında kompromis höküməti qurulmalı, bütün anlaşmazlıqlar hərbi yolla deyil, danışıqlar yoluyla həll edilməli idi. Ancaq Rusiya yenə tarixi xislətinə uyğun olaraq, bütün pili çəkilmiş bombaları Türkiyənin qucağına ataraq yalnız öz maraqları çərçivəsində Suriya problemini hərbi yolla həll etmək istəyir, güzəştə getmək istəmir. Yəni Rusiyanın tarixdən günümüzə bütün məsələləri güc yolu ilə həll etmə alışqanlığı var, uzlaşma, başqalarının da maraqlarını nəzərə alma xarakteri yoxdur. Axı biz böyük millətik, tarix boyu geniş coğrafiyalarda nəhəng imperatorluqlar qurmuşuq. Rusiya bizim milli maraqları nəzərə almaq istəmirsə, biz də Türk dünyası olaraq qalanı içəridən sağlamlaşdırmalı, ortaq güc formalaşdırmalı, bizim qərargahımız olan Türkiyəyə daha güclü dəstək verməli və Moskvanı bizimlə hesablaşmağa məcbur etməliyik”.
Seymur ƏLİYEV