Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan İdlib olayları səbəbi ilə Suriyada artan gərgiliklə bağlı bəyanatında mülki insnaların öldürülməsinə sərt etiraz edib, həm mülki insnaların ölümü, həm də türk əsgərlərinə yönəlik hücumlarla bağlı ciddi addımlar atılacağını bildirib. Əsəd rejiminə məxsus qüvvələri hər yerdə vuracaqlarını söyləyən Türkiyə prezident, Rusiyanı da mülki insanların ölümündə günahlandırıb və yaşayış məntəqələrinə hücum edən təyyarələrin Suriya səmalarında əvvəlki kimi rahat uça bilməyəcəklərini vurğulayıb.
Moderator.az xəbər verir ki, Ərdoğanın məlum bəyanatı Rusiyada ciddi qorxuya səbəb olub. Məsələ bundadır ki, Suriya səmalarında uçan rus təyyarələri özlərini bu günə qədər tamamilə təhlükəsizlikdə hiss etsələr də, Türkiyə prezidentinin məlum bəyanatı vəziyyəti köklü surətdə dəyişir. Belə ki, bu açıqlama dolayısı ilə də olsa, mülki insanlara qənim kəsilən rus hərbi təyyarələrinin hər an vurula biləcəyi anlamına gəlir.
Bundan başqa, Əsəd rejiminə bağlı olan təyyarələr də bütün uçuş və bombardmanları Rusiyanın hərbi hava qüvvələrinin koordinasiyası və dəstəyi ilə həyata keçirməkdədir. Bu isə o deməkdir ki, Türkiyənin Əsəd rejiminə məxsus təyyarələri vurması belə Rusiya üçün itki demək olacaq.
Ərdoğanın məlum açıqlaması 2015-ci ildə Türkiyə tərəfindən vurulan rus təyyarəsinin aqibətini yada salıb. Proseslərin gedişatı göstərir ki, Rusiya mülki insanlara və eləcə də türk ordusuna yönəlik hücumlara dəstəyini dayandırmasa, o zaman Suriya səmalarını daha bir neçə rus təyyarəsinin partlayışı işıqlandıra bilər.
Seymur ƏLİYEV