Məlum olduğu kimi, uzun müddətdir ki, İdlib və onun ətrafında sabitlik və təhlükəsizliyin təmin edilməsinə çalışan, bunun üçün terror təşkilatları istisna olmaqla, bütün güclərlə əməkdaşlığa hazır olduğunu bildirən Türkiyənin sülh səyləri nəticədi verməyib. Əsəd rejimi və onunla birgə hərəkət edən terror təşkilatlarının mülki insanları, eləcə də türk əsgərlərini hədəfə almaqda davam etməsi, rəsmi Ankaranın səbrini daşırıb. Nəhayət ki, ağır artilleriya və müxtəlif raket sistemlərindən istifadə etməklə terrorçulara, eləcə də Əsəd rejiminə bağlı qüvvələrə ağır zərbə endirən türk ordusu, qarşı tərəfin çoxlu sayda canlı qüvvəsini, eləcə də hərbi texnikasını sıradan çıxarıb.
Moderator.az xəbər verir ki, türk ordusunun Suriyada hərəkətə keçməsi fonunda müşahidə edilən maraqlı yeniliklərdən biri də, bu günə qədər “Suriyanın Qabbar Sinqxi” rolunda çıxış edən, özünü bu bölgədə hakimi-mütləq kimi aparan rus hərbçilərinin sürətlə geri çəkilməsi prosesidir. Əsəd rejiminin başlıca siyasi-iqtisadi və hrəbi himayədarı olan Rusiyanın öz əsgərlərini türk raketlərinin hədəf aldığı şəhərlərdən geri çəkməsi, Kremlin bu regionda əsgər itkisi məsələsinə həssaslıqla yanaşdığını göstərir.
Rusiyanın hərbi-siyasi mütəxəssisləri hesab edir ki, rus ordusunun Suriyadakı hərbi mövcudluğuna Rusiya cəmiyyətində münasibət birmənalı deyil. Belə ki, Rusiya cəmiyyətinin önəmli bir qismi hesab edir ki, rus ordusunun Suriyadakı hərbi mövcudluğu hər şeydən öncə Rusiyaya maddi baxımdan başa gəlir. Bu azmış kimi, aktiv hərbi əməliyyatların uzun müddətdir ki, davam etdiyi Suriyada rus hərbçilərinin mövcudluğu, onların həyatları üçün ciddi təhdid təşkil edir.
Mütəxəssislərin fikrincə, bu gün Suriyada rus hərbçilərinin öldürülməsi Putin hakimiyyyətini hər şeydən öncə, Rusiya cəmiyyətinin hədəfinə çevirə bilər. Hansı ki, Ukraynada öldürülən rus hərbçiləri ilə bağlı belə bir narazılığın dəfələrlə gündəmə gəldiyi heç kimə sirr deyil. Məhz bu səbəbdən də Moskvanın Əsəd rejiminə hərbi texnika və informasiya dəstəyi göstərdiyi, lakin canlı qüvvə yardımından çəkindiyi bildirilir.
Qeyd edək ki, rus hərbçilərinin Serakib, Neyrab, Maarat ən-Numan şəhərlərini tərk etdiyi gələn xəbərlər sırasındadır.
Seymur ƏLİYEV