Bütün dünyanı lərzəyə salan koronavirisun İranda görünməyə başlaması, Azərbaycanda da haqlı olaraq ciddi narahatlıqla izlənməkdədir. Səhiyyə Nazirliyinin verdiyi bütün bəyanatlara rəğmən, hər kəs aydın başa düşür ki, cənub sərhədlərimizə dirənən bu xəstəliyin hər an Azərbaycana sıçraması mümkündür. Heç kim bu ehtimalın reallaşmayacağına təminat verə bilməz. Odur ki, koronavirusun ölkəmizə ehtimal edilən “hücumundan” öncə, apteklərə hücum edən vətəndaşların tibbi maska axtarışına çıxması, özünümüdafiə yolları haqqında düşünməsi tamamilə anlaşılandır.
Bu arada bəzi apteklərədə tibbi maskaların 3-4 qat bahalaşması, bəzi apteklərdə isə yerli-dibli yoxa çıxması ictimai narahatlıq və təşvişi artırmaqdadır.
Təbii ki, profilaktik tədbir kimi tibbi maskanın önəmi gözardı edilə bilməz. Lakin nə qədər qəribə olsa da, Azərbaycan cəmiyyətindəki bəzi neqativlər koronavirusa qarşı mübarizədə ciddi immunitet sayıla bilər. Bunlardan biri cəmiyyətimizdə dərin yayılan, ictimai həyatımızın ən dərin qatlarına belə sirayət edən yaltaqlıq və simasızlıqdır.
Hansı ki, yaltaqlığı yaşam vasitəsi hesab edən insanların koronavirusa meydan oxuması tamamilə mümkün görünür. Çünki bu insanlar adətən hər gün bir deyil, bir neçə maskadan istifadə edir ki, bu da indiki halda koronavirusdan “çoxmaskalı etibarlı müdafiə” deməkdir. Çünki koronavirusun bu masklardan birini keçəcəyi təqdirdə belə digər maskada ilişib qalacağı şübhəsizdir.
Deməli, cəmiyətimizdəki maskalı insanların tibbi maska axtarışına çıxmasına, koronavirus təhlükəsindən narahatlıq keçirməsinə ehtiyac yoxdur. Çünki onlar doğuşdan maskalı, bütün xəstəliklərə qarşı immunitetlidirlər.
Yaltaq insanların koronavirus qarşısındakı daha bir üstünlüyü isə onların simasızlığı ilə bağlıdır. Əslində bu amil yalnız koronavirus deyil, bütün infeksion xəstəliklər qarşısında həyati üstünlük hesab edilə bilər. Bu üstünlüyün mahiyyəti ondan ibarətdir ki, simasız insanlar hər hansı simadan, məzmundan məhrum olduqları üçün, xəstəlik üçün üz tutmalı ünvan qalmır. Boşluğa, çəkisizliyə düşən xəstəlik özünü vaakumda hiss edir, çarəsizlik sindromu yaşayır. Və ən qısa zamanda bu boşluğu tərk etmək, bu çəkisizlikdən, çarəsizlikdən qurtulmaq haqqında düşünür. Boşluq, simasızlıq koronavirusu sözün bütün mənalarında “udur” və simasızlıq bu mübarizədən qalib çıxır.
Göründüyü kimi, cəmiyyətimizdəki yaltaqların, simasızların nə koronavirus təhlükəsi, nə də tibbi maska qıtlığı dərdini çəkməsinə lüzum yoxdur. Onların genetik maskalanma prosesindən keçən hər bir hüceyrəsi koroavirus üçün ən keçilməz səddir və koronavirus çətin ki, bu sədlə mübarizə aparmaqla boşuna zaman sərfinə yol versin.
Koronavirus bu ölkəyə gələcəksə, siması olanların dalınca gələcək. Əslində, tibbi maskalara ehtiyacı olanlar da onlardır. Odur ki, yaxşı olardı ki, milli simasızlarımız maskaları onlar üçün saxlasın. Aptekləri gəzməyə sərf etdikləri vaxtı isə hökm və səlahiyyət sahiblərinə yarınmağın yeni yollarını düşünməyə sərf etsinlər. Bu, əsl rassionallıq və mili həmrəylik olar.
Seymur ƏLİYEV
e-mail: seymur [email protected]