Qardaş Türkiyənin xeyli vaxtdır ki, Suriyada anti-terror əməliyyatları apardığı məlumdur. Maraqlıdır, türk hərbi jurnalistikasının bu təcrübəsinin Azərbaycan jurnalistləri tərəfindən də öyrənilməsinə ehtiyac varmı? Türkiyənin hərbi jurnaslitlərinin təcrübəsinin mənimsənilməsi, ehtimal edilən Qarabağ savaşında jurnalistlərimiz üçün faydalı ola bilərmi?
Moderator.az-a açıqlama verən Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu, Azərbaycanın özündə bu sahədə kifayət qədər peşəkarın olduğunu vurğulamaqla yanaşı, Türkiyənin təcrübəsinin də mənimsənilməsinin faydalı olacağını qeyd etdi:
“Azərbaycanda hərbi jurnalistika sahəsində kifayət qədər təcrübəsi olan peşəkarlarımız var. Onlar I Qarabağ savaşında ön cəbhədə fəaliyyət göstəriblər və yüksək prefossionallığa malikdirlər. Bu mənada mən deməzdim ki, bizdə hərbi jurnalistika sahəsində boşluq mövcuddur. Bizim bu sahədə də peşkarlarımız var və onların sayı kifayət qədərdir. Lakin yeni nəsil üçün də bu təcrübələrin öyrənilməsi nəinki lazımdır, hətta vacibdir.
Təxminən 2 il bundan öncə Anadolu Agentliyi hərbi jurnalistika sahəsində kurslar təşkil etmişdi. Bu cür treninqlər, kurslar Türkiyədə tez-tez keçirilir və bu mənada bizim jurnalistlərin də bu kurslarda iştirakı arzuediləndir. Azərbaycan da müharibə şəraitindədir. Bu sahədə, bu səpgidə peşəkarlığln artırılması faydalı olardı. Bu baxımdan Qardaş Türkiyənin bu təcrübəsindən istifadə də olduqca məqsədəuyğundur”.
Seymur ƏLİYEV