Son illər dünyanın ən güclü orduları sayılan ABŞ və Rusiya ordularında xidmət edən qadınların sayı əhəmiyyətli dərəcədə artmaqdadır.
Moderator.az xəbər verir ki, son vaxtlar qadınların ənənəvi qərargah və rabitə işləri ilə yanaşı, aktiv döyüş tapşırıqlarının icrasında yer alması, dəniz piyadası, kəşfiyyatçı, hava desantı və s. kimi qoşun və xidmət növlətində təmsilçiliyi, hər iki ordu üçün yeni tendensiya hesab edilir. Baxmayaraq ki, ABŞ və Rusiya ordulaırnda bundan öncə də məhdud sayda da olsa, qadın desantı və əməliyyatçılar olub.
Mütəxəssislər isə ABŞ və Rusiya ordularında müşahidə edilən bu “zərifləşmə”nin mümkün nəticələri hqqında fərqli fikirdədirlər. Bəzi ekspertlər hesab edir ki, orduda xidmət edən qadınların sayının artması, cəmiyyətdə ordunun nüfuzunun daha da artması, ordudakı sərt psixoloji mühitin yumşalması, onun “humanistləşdirilməsi” və s. baxımından faydalı yenilikdir. Bəzi mütəxəssislər isə hesab edir ki, qadınların orduda sayının artması döyüş ruhunun zəifləməsi, onun sürət və çevikliyinin azalması ilə nəticələnə bilər. Bundan başqa, ikinci qəbildən olan ekspertlərin fikrincə, qadınların sayının orduda artması ordu şəraitində qadın-kişi münasibətlərin tənzimlənməsi məsələsini daha da mürəkkəbləşdirəcək və yeni problemlərin meydana çıxmasına səbəb olacaq.
Hələlik isə görünən odur ki, həm Rusiya, həm də ABŞ-da ordu rəhbərləri qadın hərbçilərinin sayının artıtrılmasına xüsusi maraq göstərir. Bu günlərdə ABŞ-ın hərbi dəniz qüvvələrinin komandanlığı orduya daha çox qadın hərbçilərinin cəlb edilməsi ilə bağlı göstəriş verib ki, bu da yaxın gələcəkdə ABŞ ordusunda silah tutan qadınlarının sayının daha da artacağı deməkdir.
Seymur ƏLİYEV