Məlum olduğu kimi, cari ilin 24 fevral tarixində saat 07:00 radələrində erməni hərbçiləri Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə hücum edib. Düşmənin qəfil hücumu və diversiya cəhdi Azərbaycan sərhədçiləri tərəfindən mətinliklə alınıb, uğurla dəf edilib.
Düşmən diversiyasını dəf edən zaman Sərhəd Qoşunlarının əsgəri İbrahim Vəliyevin qəhrəmancasına şəhid olması böyük təəssüf doğursa da, bütövlükdə istər bu döyüş, istərsə də bundan öncəki qarşıdurmalar torpaqlarımızın etibarlı müdafiəsi, Sərhəd Qoşunlarının gücü və təmas xəttindəki mövcud durumla bağlı aydın və nikbin mənzərə formalaşdırır.
“Azərbaycan sərhədlərinə hücum ölümə qızılı dəvətnamə deməkdir”
“Düşmənin 24 fevral tarixindəki diversiyasını dəf edən zaman qəhrəman sərhədçilərin bir düşmən hərbçisini məhv etməsi, digər düşmən zabitini isə ağır şəkildə yaralaması DSX-nın torpaqlarımızın müdafiəsində kifayət qədər ayıq-sayıq dayandığını göstərir. Həmçinin, bu olay sübut edir ki, əslində sərhədçilərimizin bu torplaqdan pay umanlara, bu torpağa göz dikənlərə verəcək sadəcə bir hədiyyəsi mövcuddur. Bu hədiyyənin adı isə ölümdür. Necə ki, 24 fevral tarixində torpaqlarımıza hücum edənlər öz “hədiyyə paylarını” alıb əli ətəklərindən uzun geri qayıtdılar”.
Bunu Moderator.az-a açıqlamasında tarixçi-jurnalist Seymur Əliyev bildirib. Jurnalistin sözlərinə görə, Ermənistan verdiyi itkilərdən nəticə çıxarmalı, diversiyalardan əl çəlməlidir:
“Ermənistanın Azərbaycan sərhədlərindəki diversiya cəhdləri hər dəfə düşmənin özünün ağır itkilər verməklə geri çəkilməsi ilə nəticələnib və 24 fevral təxribatı da bu baxımdan istisna deyil. Lakin buna baxmayaraq, düşmən diversiyalarından əl çəkmir və öz hərbçilərinin həyatı bahasına DSX-nın sayıqlığını yoxlamağa cəhd edir. Ermənistan hərbi-siyasi rəhbərliyi anlamalıdır ki, Azərbaycan sərhədlərinə hücum ölümə qızılı dəvətnamə deməkdir. Heç bir diversantın Azərbaycan sərhədçiləri ilə qarşıdurmadan uzuağ çıxmaq şansı yoxdur və bunu anlamaq üçün hər dəfə itki vermək, İrəvana tabut yollamağa ehtiyac yoxdur”.
Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində düşmənə verilən zəruri dərs!
Seymur Əliyev 24 fevral hadisəsini Xocalı soyqıırmının 28-ci ildönümü ərəfəsində düşmənə verilən növbəti dərs kimi xarakterizə edib:
“Iki gün bundan öncə düşmən hücumunun qarşısını alan, onun iki hərbi qulluqçusunu neytrallaşdıran Azərbaycan sərhədçiləri bununla Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində düşmənə mükəmməl bir dərs vermiş oldu. DSX-nın düşmən təxribatına bir neçə misli ilə cavab verməsi, təcavüzkar üçün cidid mesaj oldu. DSX düşmənə onun başa düşdüyü dillə anlatdı ki, artıq nə Azərbaycan ötən əsrin 90-cı illərindəki Azərbaycandır, nə də onun sərhədlərini qoruyan ordu həmin ordu deyil. Bu gün Azərbaycan Silahlı Qüvvələri bu torpağı nəinki Ermənistandan, dünyanın istənilən gücündən qorumaq, bu torpaq uğrunda əzmlə öldürmək və ölmək ruhuna sahibdirlər”.
“DSX torpaqlarımızın işğaldan azad edilməsi prosesinə öz layiqli töhəsini verəcək”
Seymur Əliyev Sərhəd Qoşunlarının da digər qoşun növləri kimi torpaqlarımızın işğaldan azad olunması prosesinə böyük töhfə verəcəyindən əminliyini ifadə edib:
“Heç şübhə yoxdur ki, öz döyüş qabiliyyətini, texniki təchizatını, peşəkarlığını sürətlə artıran DSX, zamanı çatanda Azərbaycanın erməni işğalındakı torpaqlarının azad edilməsi prosesinə də öz layiqli töhfəsini verəcək, Azərbaycan tarixinə bundan sonra da adını qızıl hərflərlə həkk etdirməyi bacaracaqdır. Bunun üçün sərhədçilərimizin gücü də, cəsarəti də yetərincədir. Bu böyük və şərəfli tarixin gerçəkləşməsi üçün ehtiyac duyulan yeganə amil ali baş komandanın müvafiq əmridir. Bu əmr gələndə hər birimiz sərhədçilərimizin Qarabağa - tarixi sərhədlərimizə doğru müzəffər yürüşünə şahid olacağıq”.