Tarixən dövlət və hökumət başçılarının görüşlərində maraqlı anlar, gözlənilməz hadisələr, hətta anidən böyük diplomatik krizə səbəb olan epizodlar baş verir.
Belə tarixi olaylardan biri də 1996-cı il, oktyabrın 18-də o dövr Türkiyənin Baş naziri mərhum Nəcməddin Ərbakanla (1996- 1997-ci illər Türkiyə Cümhuriyyətinin 54-cü Baş naziri), Liviyanın öldürülmüş lideri Muammər Qəddafi arasında yaşanıb.
Görüş əsnasında Qəddafinin Türkiyəyə qarşı gözlənilməz ittihamlar səsləndirməsi nümayəndə heyətində böyük çaşqınlıq yaradıb və iki ölkə arasında diplomatik gərginlik yaşanmasına səbəb olub.
250 nəfərlik heyətlə Afrika ölkələrinə səfər edən Ərbakanın Qəddafi ilə birgə mətbuat qarşısında çıxışı zamanı Liviya rəhbəri gözlənilmədən Türkiyənin xarici siyasətini və mövqeyini tənqid etməyə başlayıb. Olayın bəzi şahidlərinin sözlərinə görə, ittihamlar o qədər kəskin və gözlənilməz olub ki, Türkiyə nümayəndə heyəti və Baş nazir Ərbakan necə qarşılıq verəcəklərini qətiləşdirə bilməyib və böyük şok yaşayıblar.
Qəddafi deyib: “Baxmayaraq ki, qarşılıqlı əlaqələrimiz var, biz bütövlükdə Türkiyənin xarici siyasətindən razı deyilik. Bu görüşlər o demək deyil ki, bizim əlaqələrimiz yaxşıdı.
Siz (Türkiyə dövlətini nəzərdə tutur-red.) Birinci Dünya savaşından sonra qurtuluş ruhunuzu itirdiniz, ruhunuzu ABŞ və İsrailə təslim etdiniz. Türkiyənin gələcəyi ABŞ-ın hərbi bazalarında, NATO-da deyil”.
Qəddafi Türkiyəni həm də kürd xalqına qarşı ədalətsiz davranmaqda ittiham edib və aşkar şəkildə PKK-ya rəğbətini ifadə edib.
Əlbəttə, Nəcməddin Ərbakan ona diplomatik üslubda cavab verməyə çalışıb. Lakin sonralar siyasi rəqibləri bu görüşün uğursuzluğu və Türkiyə dövlətinə qarşı təhqiredici olması barədə ona qarşı irəli sürülən ittihamlarından yaxa qurtara bilməyib.
Görüşdən sonra Ankara ilə Liviya hökuməti arasında bir günlük gərgin diplomatik danışıqlar aparılıb və Qəddafinin sözlərinə siyasi don geydirmək məqsədilə birgə açıqlamanın yayılması təklif edilib.
Lakin bu dəfə də açıqlamanın mətni böyük mübahisələr yaradıb. Qəddafi mətndə ABŞ və İsrailin terrorçu dövlət adlandırılmasında israr edib.
Səhər saat 90:30-da başlayan görüşmələr axşamədək davam edib və o dönəm Avropadan sorumlu dövlət naziri, Türkiyənin 11-ci prezidenti Abdulla Gülün də danışıqlara qatılmasından sonra ortaq bəyanatın mətni razılaşdırılıb. Ancaq liviyalılar yenə də ABŞ və İsraili nəzərdə tutan “Ərəblərə qarşı bəzi terrorist fəaliyyətləri olan qurumlar və dövlətlər” cümləsinin mətndə getməsinə nail olublar.
Sonralar Türk diplomatlar bu cümləyə görə ABŞ-a xeyli izahatlar verməyə məcbur olublar.
Taleh
Moderator.az