Böyük şəxsiyyətlərin əməlləri və hadisələrə yanaşmaları da dahiyanə olur.
Türkiyə Cümhuriyyətinin qurucu lideri böyük Mustafa Kamal Atatürkün həyatı belə ibrətamiz nümunələrlə zəngindi. Onun hadisə və proseslərə qeyri-standart yanaşması yaranmış vəziyyətdən hər zaman uğurla çıxmasına və doğru qərarlar qəbul etməsinə səbəb olub.
Moderator.az oxucular üçün maraqlı olacağını nəzərə alaraq dahi Atatürkün həyatından ibrətamiz hadisələrdən birini təqdim edir.
1931-ci ildə İstanbulda, Dolmabaxça sarayında dövlət rəsmilərinə və millət vəkillərinə ziyafət verən Atatürk həm də bu bəhanə ilə təhsil sistemində həyata keçirmək istədiyi islahatları müzakirə etmək istəyir.
Məclisdə iştriak edən keçmiş millət vəkillərindən biri, eyni zamanda həkim və yazar kimi tanınan Rəşid Qalib bəy dönəmin təhsil naziri Əsəd Saqayı kəskin tənqid atəşinə tutur.
Hələ hərbi məktəbdə müəllimi olan Əsəd bəyin çox pərt olmasına və müəlliminin gözünün qarşısında tənqid edilməsinə dözə bilməyən Atatürk Rəşid bəyə etirazını bildirir: “Mən öz süfrəmdə müəllimimin tənqid edilməsini istəmirəm”.
Rəşid bəy isə daha cəsarətlə Atatürkə etirazını bildirir: “Bağışlayın, bura bir saraydır, lakin Sultan sarayı deyil, millətin sarayıdır. Süfrədəki müəllim isə Sultan müəllimi deyil, Sizin müəlliminizdir. Sizi Sultan hesab etmədiyim üçün sərbəst danışdım”- deyir.
Atatürkün onu nəzakətlə yola salmaq istəməsi gənc və cəsarətli Rəşid Qalibi bir az da özündən çıxarır: “Bura millətin süfrəsidir, Sizin deyil. Burada olmaq Sizin qədər mənim də haqqımdır”- deyərək məclisi tərk etməkdən imtina edir.
Durumu belə görən Atatürk qonaqlardan üzr istəyərək məclisi özü tərk etməli olur. Bir gün sonra isə köməkçisindən Rəşid Qalibin vəziyyətini soruşur. Köməkçisi məlumat verir ki, sabahadək gözlədi, sonra bizdən 25 lirə borc pul istəyib Ankaraya getdi.
Atatürk: “O pul az olub. Gərək mənim hesabımdan bir neçə yüz verəydiniz. Cibində beş quruşu yoxdu, lakin xarakterindən əl çəkmir. Pulu yoxdu, amma cəsarəti var”- deyir.
Böyük Atatürk bu cəsarətindən dolayı Rəşid Qalibi nəinki cəzalandırmır, əksinə, onu yüksək vəzifəyə təyin edir. Həmin mübahisədən bir neçə ay sonra, 1932-ci ildə 39 yaşlı Rəşid Qalib təhsil naziri vəzifəsinə gətiriilir. Lakin 1933-cü ildə səhəti ilə bağlı istefaya gedir və bir il sonra vəfat edir.
Qeyd edək ki, Rəşid Qalib eyni zamanda 1933-cü ildən sonra Türkiyə məktəblərində hər gün səsləndirilən məşhur “Andımız”-ın müəllifidir.
Türkiyənin təhsil sistemində bir sıra islahatların müəllifi, İstanbul Darülfununun əsasında İstanbul Universitetinin və Anadolu Mədəniyyətlər Muzeyinin qurucusu kimi tarixdə qalıb.
Taleh