Demokratiyanın virus düşmüş "beşiyində" dünyanı bürüyən bəladan öncədən xəbərdar olanlar az deyilmiş demə. Qələm adamları, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları və Ağ evin sahibinin yan-yörəsi. Baş verənlərə nəzər yetirəndə belə bir təsəvvür yaranır ki, sanki onlar Kovid-19 virusu adlanan, bu yeni üzə çıxan bəlanın (bəlkə də elə bioloji silahın?) təsirini, eləcə də törədə biləcəyi nəticələri illər uzunu böyük səbirsizliklə gözləyirmişlər. Və bu da nəticə. Dəhşətli gözləntilər artıq reallığa çevrilib. Vahiməli bir mənzərə yaranıb. Müasir dünyanın elmi inkişaf zirvəsinə yürüdüyü bir vaxtda, XXI əsrdə dəhşət dolu bir məkana çevrilib Yer üzü. Hamı bəla ilə vuruşur, hamı günahkar axtarır. Rusiya, Çin, İran kimi dövlətlər baş verənləri Avropada ərsəyə gələn, Amerika ideyasına məxsus, lakin mövcudluğu hələ ki, rəsmən təsdiq edilməyən bioloji silahla əlaqələndirdiklərindən sürətlə yayılan bu pandemiyaya görə ABŞ-ı ittiham edirlər. Hər gün, hər saat, hətta hər dəqiqə yenilənən statistik göstəricilər, hər gün dünyanın 190-dan çox ölkəsindən gələn başılovlu, dəhşət saçan xəbərlər, hər gün virusla savaşda elə də güclü görükməyən, aciz duruma düşən müasir təbiblərin, virusoloqların təsəlliverici nəzəriyyələri və hər gün ehtimalların, uydurmaların içində boğula-boğula çıxış yolu axtaranların, bu virusa yoluxan ideyaların savaşı dünyanın siyasi düzənini dəyişir.
2005-ci ildə ABŞ-da çap edilən, öz dövründə elə də ciddi hadisəyə çevrilməyən bir kitabda müəlliflərin (Silviya Braun və Lindsey Harrison) heyrət doğuran öncəgörənliklə 2020-ci ildə bəşəriyyətin böyük bəlasına çevriləcək koronavirusdan söz açmaları, 2017-2019-cu illərdə ABŞ kəşfiyyatının apardığı məxfi tədqiqatlar və araşdırmalar, həmçinin qlobal təhlükə törədə biləcək virus haqda Ağ evə təqdim edilmiş hesabatlar göründüyü kimi Donald Trampdan ötrü impiçment təhdidindən, yaxud da siyasi rəqibləri Sanders, Bayden amilindən qat-qat əhəmiyyətsiz, bəlkə də adi informasiya toplusu olub, ona görə prezidentin diqqətini cəlb etməyib. Və yaxud da ola bilsin ki, koronavirusla bağlı bütün informasiyaların incələnməsi, onun qarşısını almaq üçün tədbirlərin görülməsi bilərəkdən təxirə salınıb. Ehtimallar hələ çox olacaq. Görünən, təkzibedilməz fakt isə böyük dünyanın başının üstünü kəsdirən koronavirus adlı cəlladdır.
Real təhlükəyə çevrilən koronavirus Amerika Birləşmiş Ştatlarında bir neçə ştatı, şəhər və əyalətləri qara əbalı qatil təki dolaşa-dolaşa nəhayət səs-küylü Nyu-Yorku da silkələdi. Vahiməli Kovid-19 amerikalıları "hədələyəndən" sonra hərəkətə keçən ABŞ hökuməti pandemiya ilə mübarizəyə ordu hissələrini, Milli Qvardiyanı və polisi cəlb edib fövqəladə vəziyyətdə təbii virusdan, yaxud bioloji silahdan müdafiə strategiyasına uyğun təcili tədbirlər planı hazırladı. Vəziyyət düşünüldüyündən də ciddi və təhlükəlidir. Belə bir durumda, pandemiya dövründə hələ də Amerikanin ittiham edilməsi qəribə təəssurat yaradır. Çünki proseslər başlayandan bəri hər gün sual işarəsi tək gözləri yağır edən şübhə və müəmmalar artdıqca başqa ölkələrlə birlikdə ABŞ-ın da dərd-bəlası artır. Hələ də insanlar yoluxur, hələ də bəzi insanlar sağalır, hələ də insanlar ölür. Şübhələr isə cavabsız suallar təki elə hey insanları didib-parçalayır. Koronavirusla savaşda böyük güc sarsılacağından qorxur...
ABŞ öz vətəndaşlarından səbirli olmağı istəyir. Bu ölkə asanlıqla pandemiyaya təslim olmayacağına əmindir. Hətta bu ağır mübarizə Amerikaya trilyon dollara başa gəlsə də. Artıq Amerika prezidenti də bu virusun qrip və yaxud adi sətəlcəm olmadığını yaxşı anlayır. Planetin simasını sürətlə dəyişən, böyük güclərin böyük planlarını pozan, hər növ sanksiyalardan amansız olan bu bəlanın fonunda dünya "yadplanetli" hücumuna məruz qalan Birləşmiş Millətlər Ordusuna bənzəyir...
(Ardı var)