Məlum olduğu kimi, bir müddət bundan öncə Rusiya İtaliyaya 100 həkim-virusoloq, habelə laboratoriyalar, tibbi ləvazimat və s. humanitar yardım göndərib. Lakin bu hadisədən çox keçməmiş İtaliya mediasında Rusiyanın göndərdiyi tibbi yardımın aşağı keyfiyyətdə olması, habelə göndərilən yardımın 80%-nin koronavirusla mübarizəyə aidiyyatı olmadığı ilə bağlı fikirlər yer alıb.
Rusiyaya qarşı irəli sürülən iddialar arasında ən çox maraq doğuran isə İtaliyaya göndərilən 100 nəfərlik şəxsi heyətin heç də hamısının həkim olmaması ilə bağlıdır. İtaliya mediası iddia edir ki, şəxsi heyət arasında yüksək rütbəli hərbçilər də olub ki, onların hansı məqsədlə həkim heyətinə daxil edilməsi məlum deyil.
Moderator.az xəbər verir ki, İtaliya mediasının bu iddiaları Rusiya tərəfindən təkzib edilib və sərt şəkildə qınanılıb. Rusiya mediası göndərilən bütün tibbi yardım siahısının İtaliya tərəfi ilə razılaşdırıldığını bildirib.
Qarşılıqlı ittihamların genişlənməsi Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) da məsələyə müdaxilə etmək məcburiyyəti qarşısına qoyub. Məsələ ilə bağlı açıqlama verən ÜST, Rusiyanın göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirib və bu yardımın yararsız olması ilə bağlı deyilənləri “yersiz demaqogiya” adlandırıb. İstənilən köməyin hər zaman faydalı olduğunu bildirən ÜST, Rusiyanın göndərdiyi ləvazinatlar arasında İtaliyada olmayan bir çox məhsulun yer aldığını, bunların hər birinin bir insanın həyatını xilas edəcəyini bildirib. Lakin ÜST də Rusiyanın İtaliyaya göndərdiyi həkim heyəti arasında “yaşıl adamlar”ın olub-olmaması haqqında hər hansı fikir bildirməyib.
Seymur ƏLİYEV