Rusiyanın hərbi elmlər doktoru Konstantin Sivkov Türkiyənin Suriyadakı hərbi mövcudluğu və bölgədə aparacağı hərbi əməliyyatların mümkün nəticələri ilə bağlı qalmaqallı açıqlama verib.
Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, rus hərbi eksperti Türkiyənin Suriyaya qarşı irimiqyaslı müharibə aparacağı təqdirdə Kremlin PKK-nı dəstəkləyəcəyini vurğulayıb:
"Kürdlər ərazinin üçdə bir hissəsinə nəzarət edir və Amerika silahları ilə yaxşı təchiz olunmuşdur. Kürdüstan İşçi Partiyası (PKK) var, lakin Türkiyədə terrorçu olaraq tanınır. Türkiyə Suriya ilə geniş miqyaslı müharibə etmək qərarına gəlsə, PKK Rusiya tərəfindən Ərdoğana qarşı demokratik bir müxalifət olaraq qəbul ediləcək və kömək alacaq. Birlikdə, kürdlər Türkiyədə vətəndaş müharibəsi təşkil edəcək ".
K.Sivkov qeyd edib ki, Türkiyənin Rusiya və İran tərəfindən dəstəklənəcək PKK-ya qarşı uğurlu hərbi əməliyyatlar aparması mümkünsüz olacaq. Bir qədər də qabağa gedən Sivkov belə bir qarşıdurmanının Türkiyənin bir dövlət kimi varlığına son qoyacağını bildirib.
Göründüyü kimi, nəyin bahasına olursa-olsun Türkiyənin Suriyadakı hərbi mövcudluğuna son qoymağa çalışan Rusiya, müxtəlif siyasətçilər və ekspertlərin dili ilə Türkiyəyə hədə-qorxu gəlməkdə, PKK-ya dəstək verəcəklərini bildirməkdədir. Hansı ki, PKK-nın uzun illərdir ki, dünyanın əksər böyük dövlətlərindən, anti-türk mərkəzlərindən böyük yardımlar aldığı, lakin buna rəğmən türk ordusunun ölümcül zərbələrindən qorunmaq üçün dağların, dərələrin dərinliyinə çəkildiyi, mağara həyatı yaşadığı bir həqiqətdir. Odur ki, Rusiyanın PKK-ya dəstək verəcəyi, bu dəstəyin Türkiyənin bir dövlət kimi varlığına son qoyacağı ilə bağlı fikirlər gülüncdür və yalnız kiminsə arzusu ola bilər. Türkiyənin Suriyada həyata keçirdiyi anti-terror əməliyyatları göstərdi ki, o, öz maraqlarını ABŞ, Rusiya kimi dövlətlərə belə güzəştə getmək niyyətində deyil, gərəkirsə öz haqqını silah gücünə müdafiə etməyə qadirdir.
Seymur ƏLİYEV