Türkiyədə koronavirus təhlükəsi ilə əlaqədar olaraq bir çox hallarda hərəkətdə olan nəqliyyat vasitələrinin polis əməkdaşları tərəfindən saxlanılması, vətəndaşların karantin qaydalarına nə dərəcədə əməl etmələri ilə yanaşı, onların hərarətinin də xüsusi cihazlar vasitəsi ilə ölçülməsi müşahidə edilməkdədir. Polis əməkdaşları ilə yanaşı, bəzi hallarda bələdiyyə işçiləri və polis postlarındakı həkimlər tərəfindən həyata keçirilən məlum prosedurda məqsəd qızdırmalı şəxsləri aşkar etmək, həmin insanları koronavirus testinə cəlb etməkdir.
Maraqlıdır, Türkiyə
polisinin məlum təcrübəsi ölkəmizdə də tətbiq edilə bilərmi? Azərbaycanda
karantin rejimi ilə bağlı qoyulan polis postlarının hərarət ölçən cihazlarla təmin
edilməsi məsələsinin gündəmə gəlməsi mümkündürmü?
Moderator.az-a açıqlama
verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran
Əliyev bu məsələnin gündəmdə olmadığını vurğulayıb:
“Birincisi, əgər bu cür
cihazlardan istifadə tətbiq edilsə, bu, yollarda bir neçə saatlıq sıxlığın yaranması demək
olar.
İkincisi, əgər kiminsə hərarəti
varsa, həkimə müraciət etməlidir. Çünki hərarətinin olub-olmadığını ilk növbədə
hər bir şəxsin özü hiss edir. Unutmamalıyıq ki, hər kəs öz sağlamlığının qeydinə
ilk öncə özü qalmalıdır.
Bu, tamam başqa məsələdir
ki, hansısa inzibati binaya daxil olanda onların hərarəti yoxlanıla, vətəndaşlar
dezinfeksiya tədbirinə cəlb edilə bilərlər. Ancaq yollardakı avtomobil sıxlığı,
habelə hər avtombildə 2-3-nəfər sərnişinin əyləşdiyi nəzərə alınarsa, o zaman aydın
olar ki, bunun tətbiqi praktiki olaraq mümkün deyil. Bu, nəqliyyatın tamamilə
iflic vəziyyətə düşməsinə səbəb ola bilər.
Ümumiyyətlə, avtomobil
sürücülərinin hərarətini ölçmək polisin işi deyil”.
Seymur ƏLİYEV