Koronavirus epidemiyasının sürətlə yayılması bütün dünyada həkimlərə olan tələbatı kəskin şəkildə artırmaqdadır. Artıq ABŞ, Böyük Britaniya kimi bəzi ölkələr bu problemi həll etmək üçün təqaüddə olan həkimlərə, tibb işçilərinə çağırışlar etməkdə, onları koronavirusla mübarizəyə dəstək verməyə səsləməkdədir.
Bəs ölkəmizdə necə, tələbat yaranarsa istər mülki, istərsə də hərbi həkimlərin könüllülük prinsipi əsasında geri çağırılması həyata keçirilə bilərmi?
Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə bunun tamamilə mümkün olduğunu vurğuladı:
“Qarabağ müharibəsi vaxtı hərbi həkim çatışmırdı deyə, mülki həkimlər könüllü şəkildə hərbi tibbi yardımda iştiak edirdi. Könüllülk əsasında ön xəttə gələn cərrahlar, travmatoloqlar var idi və mən özüm də onlarla rastlaşmışam. Onların arasında Milli Qəhrəmanlar da var. Döyüşlər zamanı şəhid olan həkimlərimiz də olub. Yəni belə praktika var.
Epidemiya vaxtı həkimlərdən daha da çox orta tibb işçilərinə tələbat olur. Tibb bacıları, feldşerlər və s. bu qəbildəndir. Britaniya təcrübəsinə baxsaq görərik ki, pensiyadakı tibbi işçiləri könüllülük prinsipi əsasında koronavirusla mübarizəyə cəlb ediliblər. Məqsəd 70 minə qədər tibb bacısı və 30 min həkimin koronavirusla mübarizədə iştirakını təmin etməkdir. Yəni bir həkimə 2-3 tibb işçisi düşür. Tibb işçiləri xəstələrlə daha çox ünsiyyətdə olduqları üçün onların virusa yoluxma ehtimalı da yüksəkdir.
Yəqin ki, belə bir ehtiyac yaransa, biz də bu təcrübədən istifadə edə bilərik. Lakin ümid və arzu edirəm ki, bizdə buna ehtiyac yaranmayacaq”.
Seymur ƏLİYEV