Koronavirusun sürətlə yayıldığı ölkələrdə tibbi ləvazinatların, xüsusilə də maskaların ciddi qıtlığının yarandığı müşahidə edilir.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, koronavirusun geniş yayılması fonunda ABŞ-da yaşanan maska qıtlığı əsgərlərlə həkimləri sözün həqiqi mənasında üz-üzə qoyub. Koronavirusla gecə-gündüz mübarizə aparan həkimlərin maska çatışmazlığından əziyyət çəkdiyi bir zamanda hərbçilərin təhlükəsizliyi üçün maskalardan istifadəsini düzgün hesab etməyən hökumət, əsgərlərin N95 və cərrahi maskalarından istifadəsinə qadağa qoyub. Hökumət hesab edir ki, bu qərar həkimlər üçün maska ehtiyatının genişlənməsinə, tibb işçiləri üçün məlum problemin qismən də olsa həllinə səbəb olacaq.
Məsələ ilə bağlı açıqlama verən Pentaqon hərbçilərə, eləcə də onların ailə üzvlərinə təmiz köynəklərədn, həmçinin digər müvafiq ev əşyalarından maska düzəltməyi tövsiyə edib. ABŞ hərbi komandanlığı hesab edir ki, hərbçilər yaranmış fövqəladə situasiyanı nəzərə alaraq maska problemini şəxsi təşəbbüsləri və imkanları hesabına həll etməlidir. Bununla bağlı hərbçilərin geyimi ilə bağlı yeni təlimatın veriləcəyi gözlənilir.
Xatırladaq ki, ABŞ-da koroavirusa qarşı mübarizə fonunda ordu hissələrindən geniş şəkildə istifadə edilməkdədir. Lakin maskalarla bağlı verilən məlum qərar ABŞ rəsmiləri üçün həkimlərin həyatının hərbçilərin həyatından daha dəyərli olduğunu göstərir.
Seymur ƏLİYEV