Bütün dünyanın koronavirus təhlükəsi ilə əlaqədar olaraq sosial izolyasiya tədbirlərini gücləndirdiyi, karantin rejimində fəaliyyət göstərdiyi bir zamanda cinayətkarlığın miqyasının əhəmiyyətli dərəcədə artması müşahidə edilməkdədir.
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəsislər özünütəcrid rejimi və yeni situasiyanın cinayətkarlığın alovlanmasına səbəb olduğunu vurğulayır. Belə ki, aparılan araşdırmalar nəticəsində bəlli olub ki, ABŞ-ın Nyu-York şəhərində cinayətlərin miqyası 12% artıb. Karantin rejiminin tətbiq edildiyi, polislə yanaşı, çoxsaylı ordu və Milli Qvardiya dəstələrinin şəhərdə mövcudluğu fonuda cinayətlərin bunca artması yeni situasiya ilə əlaqələndirilir. Ekspertlər soyğunçuluq, avtomobil və ərzaq oğurluğunun xüsusilə artdığını iddia edir.
Araşdırmalar Rusiyada da cinayətlərin əhəmiyyətli dərəcədə artdığını göstərib. ABŞ-da olduğu kimi Rusiyada da soyğunçuluq, o cümlədən ərzaq oğurluqlarının artması baş verib ki, bu da koronavirusun “yan təsirləri” kimi xarakterizə edilir. Bundan başqa, Rusiyada sələmçiliyin genişlənməsi, eyni zamanda bir sıra qurumların vətəndaşlara yüksək faizlərlə kredit verməsi müşahidə olunur. Mütəxəssislər hesab edir ki, ağır özünütəcrid rejimi şəraitində dolanşığını təmin edə bilməyən insnalar məcburiyyət qarşısında ağır şərtlərlə kredit götürməli olur ki, bu da sonrakı dönəmdə onların maddi durumuna daha ağır təsir edəcək.
Ekspertlər özünütəcrid rejiminin davam etdiyi qarşıdakı həftələrdə cinayətlərin daha da artacağını ehtimal edir, vətəndaşları diqqətli və ehtiyatlı olmağa səsləyir.
Seymur ƏLİYEV