“Cənab prezidentin son əfv sərəncamı Yeni Azərbaycan Partiyası tərəfindən çox yüksək qiymətləndirilir”.
Bu fikri Milli Məclisin YAP-çı deputatı Aydın Mirzəzadə Moderator.az-a Prezident İlham Əliyevin 176 nəfərin həbsdən azad olunmasını təmin edən sərəncamına münasibət bildirərkən səsləndirib.
Deputat hesab edir ki, bu sərəncam özündən əvvəlkilərdən bir xüsusiyyətinə görə fərqlənir:
“Bu əfv sərəncamı məhz yaşı 65-dən yuxarı olan və müxtəlif maddələrə görə cəza alan şəxslərə şamil edilib.
Siyahıda 10 nəfər qadın, 2 nəfər ömürlük cəza alan şəxs, hətta 87 yaşlı insan da var.
Bu, bir daha onu göstərir ki, cənab prezident indiki çətin şəraitdə yaşlı məhkumların da koronavirusdan qorunması və ailələrinin yanında olması üçün belə humanist bir qərar verib. Bu, onu göstərir ki, prezidentin humanizm siyasəti cəmiyyətin bütün təbəqələrini əhatə edir.
Bundan əvvəl də cəzasının bitməsinə az qalmış bir qrup şəxs həbsdən azad edilmişdi.
Bu addım insanlığın və humanizmin yüksək nümayişidir”.
Əfv sərəncamı ilə azadlığa çıxanların arasında iki nəfər keçmiş MTN generalının olmasına bəzilərinin birmənalı yanaşmamasına münasibət bildirən Aydın Mirzəzadə əlavə edib ki, sözügedən sərəncamda başlıca prinsip məhkumların şəxsiyyəti və ya törətdiyi cinayətin xarakteri deyil, yaşlarıdır:
“Burada bir kriteriya əsas götürülüb: yaşı 65-dən yuxarı olan məhkumlar əfvə daxil edilib. Onların içərisində müxtəlif cinayətlərə görə cəza alanlar var. Əsas prinsip yaş məsələsidir”.
Taleh