Koronavirusun bütün dünyada ciddi iqtsiadi problemlərə yol açdığı birmənalıdır. Nə qədər gülməli də olsa, koronavirussuz da iqtisadi baxımdan acınacaqlı durumda olan Ermənistan, post-koronavirus dönəmində dünya iqtisadiyyatının dirçəlməsinə yardım edəcəyini bildirib.
Maraqlıdır, özünə umac ova bilməyən Ermənistanın bəşəriyyətə əriştə kəsmək cəhdi nədən xəbər verir? Həqiqətənmi Rusiya və xaricdəki erməni diasporunun dəstəyi ilə yaşayan Ermənistan, dünya iqtisadiyyatının xilasına hansısa dərəcədə töhfə verə bilər?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov bunu cəfəngiyyat kimi xarakterizə edib:
“Şübhəsiz ki, ağır iqtisadi durumda olan Ermənistanın bu yöndə hansısa addımlar atmaq imkanı sıfırdır. Paşinyan 30 milyard civarında dünya iqtisadiyyatına köməklik göstərəcəyini bildirib. Guya Ermənistan bununla dünya iqtsiadiyyatında yaranmış boşluğun bir hissəsini aradan qaldıracaq. Bu, şübhəsiz ki, cəfəng bir fikir, populist bir yanaşmadır. Bu fikrin arxasında heç bir real imkan, real güc dayanmır. Ermənistanın istehsal gücü olduqca zəifdir. Onun iqtisadi inteqrasiya prosesləri ilə bağlı da ciddi problemləri var. Odur ki, özü acınacaqlı vəziyyətdə olan Ermənistanın dünyaya yardım göstərəcəyi ilə bağlı verdiyi açıqlama absurd və mənasızdır”.
Seymur ƏLİYEV