Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 12 may 2020-ci il tarixindən etibarən “AGBank” ASC-nin və “NBCBank” ASC-nin lisenziyaları ləğv edilib.
Maraqlıdır, bəs digər banklarla bağlı vəziyyət nə yerdədir? Dövlətin bankların kapital probleminin həllinə yardım göstərməsinə ehtiyac varmı?
Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bankların bağlanmasına tərəfdar olmadığını qeyd etdi:
“Bu məsələ həmişə gündəmdə olub. Dövlət başçısı da bir neçə dəfə bildiib ki, banklarda sağlamlaşma prosesi getməlidir. Çox təəssüf ki, sağlamlaşdırma prosesini yalnız bankları bağlamaqla həll etmək istəyirlər. Bir müddət öncə iki bank bağlandı. Indi isə “AGBank” ASC və “NBCBank” ASC bağlandı. Hansı ki, bu banklarda insanların xeyli əmanəti var. O cümlədən sahibkarların da vəsaitləri mövcuddur. Bunları həll etmək üçün indiki zamanda yardıma ehtiyac çox idi. Bir tərəfdən koronavirus, digər tərəfdən neftin qiymətinin aşağı düşməsi bu məsələyə öz təsirini göstərir. Yaxşı olardı ki, bu bankların qapadılması deyil, birəşdirilməsi həyata keçirilərdi. Mən bankların bağlanmasına deyl, Mərkəzi Bank tərəfindən banklara yardım göstərilməsi və onların konsolidasiyasının tərəfdarıyam. Belə olarsa, insanlar əziyyət çəkməzlər”.
Seymur ƏLİYEV