“Mərkəzi Bankın qiymətləndirməsinə görə bu dörd bankı xilas etmək mümkün deyildi. Çünki bu qiymətləndirmələrə görə, həmin bankların aktivləri mənfi idi”.
Bu fikirləri məlum dörd bankın bağlanması ilə bağlı Moderator.az-a açıqlamasında iqtisadçı millət vəkili Vüqar Bayramlı deyib.
Bankların bağlanması qaçılmaz zərurət idimi, yoxsa onları sağlamlaşdırmaq mümkün idi sualını cavablandırarkən millət vəkili bildirib ki, sözügedən bankların müflis elan edilməyib sağlamlaşdırılması praktiki olaraq mümkün görünmürdü. Nəticə etibarı ilə bu mümkün olmadığına görə onların lisenziyası geri alındı:
“Təbii ki, bu, arzuolunan deyildi, bütün hallarda onların sağlamlaşdırılması və ya birləşdirilməsi daha məqsədəuyğun olardı. Ancaq təəssüf ki, qiymətləndirmənin nəticələrinə görə bu mümkün olmayıb.
Növbəti mərhələdə Mərkəzi Bank tərəfindən digər bankların da qiymətləndirilməsi həyata keçirildi. Bundan sonra bank sektorunda Mərkəzi Bankın nəzarət imkanları bir az da artır, çünki Maliyə Bazarlarına Nəzarət Palatası ləğv olunub, bu funksiya da MB-a keçib. Görünən odur ki, bank sahəsinin yenidən qiymətləndirilməsinə ehtiyac var”.
Vüqar Bayramlı pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirləri və bunun dövlət büdcəsində çətinlik yaradacağı ehtimalına da toxunub. Millət vəkili hazırkı vəziyyətdə büdcədə dəyişiklik edilməsinin yaxın dövr üçün gündəmdə olmadığını bildirib:
“Pandemiya dövlət gəlirlərinə təsir edən amillərdəndir, həm də qlobal təsirlər də mövcuddur.
Neftin qiymətinin aşağı olması da büdcə gəlirlərinə təsir göstərir. Ancaq hələlik 2020-ci ilin ilk 4 ayının nəticələrinə baxsaq görərik ki, qeyri-neft sektorundan büdcəyə daxil olmalar proqnozlaşdırılığından daha çox olub. Baxmayaraq ki, pandemiya iqtisadiyyata bu qədər mənfi təsir edir, karantin dövründə zərərlər artıb, buna rəğmən bu sahədən büdcəyə gələn gəlirlər artıb. Ancaq məlumdur ki, büdcənin 84 faizdən artığı Neft Fondunun transferlərindən formalaşır. 2020-ci ildə bu transfer 6,5 milyard dollar olacaq. Fondun aktivləri isə 41 milyard dollardan çoxdur. Bu baxımdan burada da hər hansı çətinlik gözlənilmir.
Ona görə də düşünürəm ki, may ayından sonra büdcəyə dəyişiklik edilib- edilməməsi məsələsinə baxılacaq və hazırkı vəziyyətdə bu dəyişiklik təklif edilməyib. Ancaq güman edirəm ki, bu məsələ may ayının yekunlarından sonra daha dəqiq bəlli olacaq”.
Taleh