Azərbaycan torpaqlarını 30 ilə yaxındır ki, işğal altında saxlayan, ölkəmizə qarşı zaman-zaman uydurma ittihamlar irəli sürən ermənilərin öz yalan və böhtanlarının yayılmasında incəsənətin imkanlarından da geniş istifadə etdiyi birmənalıdır. Təsadüfi deyil ki, işğalçı ölkə və onun xaricdəki diasporu hər il dünyanın müxtəlif ölkələrində, xüsusilə də Qərb dövlətlərində Qarabağ həqiqətlərini təhrif edən filmlər və tamaşalar təqdim edir ki, bu da beynəlxalq ictimai rəyi çaşdırmağa xidmət edir.
Moderator.az-a açıqlama verən xalq artisti Valeh Kərimov Azərbaycanın da bu məsələdə incəsənətin imkanlarından faydalanmasının zəruri olduğunu bildirib. Xalq artistinin sözlərinə görə, incəsənət bu məsələdəki imkanlarından tam, dolğun şəkildə istifadə etmək lazımdır:
“Təbii ki, incəsənət və onun imkanlarından istifadə edərək Qarabağ həqiqətlərinin təbliğ edilməsi, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması vacibdir. Biz filmərimiz, tamaşalarımız, əsərlərimiz vasitəsi ilə buna nail olmağa çalışmalı, bu istiqamətdə ciddi addımlar atmalıyıq. Lakin unutmamalıyıq ki, incəsənət həm də düşmənə nifrət oyatmalı, gənc nəsildə vətənpərvərlik ruhunu inkişaf etdirməlidir. Incəsənət elə əsərlər ortaya qoymalıdır ki, ona baxan gənc nəslin qəlbində düşmənə qarşı nifrət hissi yaransın. Gənc nəsil düşmənin kim olduğunu, ona qarşı necə mübarizə aparmaq lazım gəldiyini bilsin, habelə vaxtiylə bu mübarizəni aparan qəhrəmanları tanısın. Əgər biz incəsənətin imkanlarından laızmınca istifadə edə bilsək, o zaman sadəcə düşmənin ifşası deyil, həm də ona qarşı mübarizə istiqamətində böyük uğurlar əldə edə bilərik. Hansı ki, indiki məqamda bu imkandan istifadə olduqca zəruridir”.
Seymur ƏLİYEV