Moderator.az xəbər verir ki, bu günlərdə Rusiyada bir qrup zabitə qarşı cinayət işi qaldırılıb. Buna səbəb Rusiya Silahlı Qüvvələrinin bir qrup zabitinin rüşvət müqabilində Suriyaya hərbçilər göndərməsidir.
Aparılan istintaq işi nəticəsində məlum olub ki, SQ-lərin mayoru Nikolay Zaikin daha bir neçə zabitlə əlbir olaraq bəzi zabit və əsgərlərin adlarını onların razılığı ilə Suriyaya gedəcək hərbçilərin siyahısına daxil edib. Suriyaya getmək üçün mayor Nikolay Zaikinə rüşvət ödəyən əsgər və zabitlərin müharibə və gərginliyin yaşandığı ölkəyə getməkdə məqsədləri isə bəlli bir müddət orda xidmət etmək və daha sonra “müharibə veteranı” statusu almaq olub. Belə ki, hərbçilər “müharibə veteranı” statusu almaqla bu statusun verdiyi geniş güzəşt və imtiyazlardan istifadə etməyi planlaşdırıb. Həmin hərbçilərdən rüşvət alan SQ-lərin bir qrup zabiti isə onların adını Suriyada xidmət etməyə layiq, “seçilmişlər” qrupuna daxil etməklə onların istəyini gerçəkləşdirib.
Xatırladaq ki, Rusiya qanunlarına görə döyüş bölgələrinə ezamiyyətə gedən hərbçilərə rütbələrindən asılı olaraq 200-300 min rubl məbləğində vəsait ödənilir, əlavə mükafat və ödəmələrlə təmin olunurlar. Bu cür şəxslərə həm də əhəmiyyətli vergi və s. güzəştlər edilir.
Hazırda məhkəmə istintaqının davam edir. Araşdırmalar əsnasında daha bir neçə hərbçinin də məsuliyyətə cəlb edilməsi gözlənilir. Müharibənin cəhənnəmə döndərdiyi Suriyada cənnət axtarışına çıxan hərbçilərin siyahısının daha da genişlənəcəyi ehtimal olunur.
Seymur ƏLİYEV