Sabah ölkəmizin tarixində ən əlamətdar günlərdən biri - Respublika Günüdür.
Bu tarixi günlə bağlı
Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini,
polkovnik Cəlil Xəlilov, xalqımızı bu əlamətdar günlə bağlı təbrik edib, həmçinin,
respublikamızın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında ordunun
roluna diqqət çəkib:
“28 may Respublika Günü
ilə əlaqədar olaraq öncə Azərbaycan xalqını təbrik edirəm. Respublika Günü
milli dövlətçilik tariximiz, müstəqilliyimiz baxımından son dərəcə əhəmiyyətli
bir gündür. 28 may Azərbaycan xalqının
tarixi uğurudur. Bu tarixi uğurun qorunmasında, yaşadılmasında, daha da möhkəmlənməsində
ən mühüm rolu isə Azərbaycan ordusu oynayır.
Cümhuriyyət dönəmində əsası
Səmədağa Mehmandarov, Əliağa Şıxlınski və digər generallarımız tərəfindən
qoyulan Azərbaycan ordusu, XX əsrin 90-cı illərində ulu öndər Heydər Əliyev tərəfindən
müasir dövrün tələbinə uyğun olaraq yenidən formalaşdırılmış, güclü, nizami
orduya çevrilmişdir. Bu gün Azərbaycan ordusu yalnız regionun deyil, bütün
dünyanın ən güclü orduları sırasındadır. Bu isə Cümhuriyyət dövrünün
generallarının, o dövrün hərbi-siyasi liderlərinin arzusunun reallaşması, onların
istəklərinin gerçəkliyə çevrilməsi deməkdir.
Ordu respublikamızın,
onun müstəqilliyinin və təhlükəsizliyinin qarantıdır. Məhz ordumuzun səyi, onun
qüdrəti sayəsində müstəqilliyimizi qorumaq, ölkəmizə qarşı çoxsaylı təribatların
qarşısını almaq mümkün olub. Ölkə başçısı, Silahlı Qüvvələrimizin ali baş
komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz daim möhkəmlənməkdə,
döyüş hazırlığını, zərbə gücünü sürətlə artırmaqdadır. Bu gün Silahlı Qüvvələrimiz
respublikamıza yönəlik istənilən təhlükəni önləməyə, istənilən təxribata
layiqli cavab verməyə qadirdir.
Əminəm ki, Azərbaycan
ordusu yaxın gələcəkdə işğaldakı torpaqlarımızı azad edəcək, bununla da Azərbaycanın
suverenliyini, ərazi bütövlüyünü tam təmin edəcəkdir.
Bir daha xalqımızı
Respublika Günü münasibəti ilə təbrik edir, onun keşiyində dayanan Silahlı Qüvvələrimizə
müvəffəqiyyətlər arzulayıram”.
Seymur ƏLİYEV