Bu nağıl yox, gerçəklik filmidir, Həyat gerçəkliyi! İnsan həyatı və sağlamlığı uğrunda mübarizəyə ürək qoymaq gerçəkliyi! Qızıl Ürəkli insanların xeyirxah əməllərini ehtiva edən mərhəmət gerçəkliyi! Ən çox ehtiyacı olan anlarda insanların yanında olmaq gerçəkliyi!..
Bu film uşaqlıqda “göydən düşən almalar”ı nağıl arzular kimi gözlədiklərimizin real və gerçək anlarıdır; bu anlar bizim gələcək nəsillərin sağlam düşüncə və ruhla böyüyəcəklərinə sonsuz inam, iradə, cəsarət, mərdlik və xeyirxahlıq ifadə edən fraqmentlərini göstərir. Hələ bunlar nədir ki?! Hələ bu fraqmentlər 11 dəqiqəlik zaman çərçivəsində Heydər Əliyev Fondunun
təkcə bir xəstəxanada, bir həftədə və tibbin sadəcə bir sahəsində gördüyü işlərin fraqmentləridir. Bu həyatın gerçək anlarıdır!
O yerdə ki, ağıl və zəka yüksək arzulara, amallara, xeyirxah işlərə yönəlir, o yerdə sivil həyat, sağlam ürək döyünür. O yerdə ki, yorulmaz fəaliyyət, sevgi dolu istəklər əməllərlə gerçəkləşir, şüurun və ruhun əlləri mükəmməlliyə doğru uzanır, o yerdə nəinki səhiyyə, mədəniyyət də, elm də, incəsənət də, din də, sivilizasiyalar arasındakı münasibətlər də sağlamlaşar, gələcəyimizin parlaq şəfəqli günəşi bizim və övladlarımızın üzünə gülümsəyər. Bütün bunları filmə çəksək, bəlkə də 1001 seriyalı möhtəşəm həyat filmi alınar. Ən əsası isə bu film üçün senaristə ehtiyac qalmaz, çünki bu senariolar Azərbaycan insanının qəlbindədi...Qəlbin senarioları isə hər zaman əbədilik nəğməsi oxuyur.
Bu gün milyonlarla insanın qəlbində əbədi bir sevgi heykəli ucaldan Azərbaycanın Birinci xanımı Mehriban Əliyevadır. Yüzlərlə balaca vətəndaşımızın həyatının xilaskarı - elgünlərin, ilkinlərin, orxanların, nigarların, fidanların, fəridlərin, turanların, ərolların, fərhadların, babəklərin, sonaların, gülzarların...göydən gözlədikləri almalarını həyat gerçəkliklərinə çevirən, onların varlıqlarını həyat möcüzəsi kimi özlərinə ərməğan edən Mehriban xanım!
Öz xalqını və dövlətini hər şeydən uca tutan İNSAN! Bayramınız mübarək!
Rəşad Mahmudov,
Milli Məclisin deputatı