Son vaxtlar Rusiyanın Liviyaya müasir döyüş təyyarələri göndərməsi ilə bağlı məlumatlar yayılmaqdadır.
Maraqlıdır, Rusiyanın Liviyada
hərbi baxımdan möhkəmlənmək istəyi nədən xəbər verir? Rusiyanın Liviyadakı hərbi
mövcudluğu yaxın gələcəkdə onun Türkiyə ilə üz-üzə gəlməsini şərtləndirə bilərmi?
Moderator.az-a açıqlama
verən politoloq Natiq Miri Türkiyənin Liviyadakı nüfuz və təsir imkanlarının
digər dövlətlərdən daha böyük olduğuna diqqət çəkdi:
“Rusiyanın Liviyada hərbi
baxımdan möhkəmlənmək istəməsi Kremlin regiondakı maraqları ilə əlaqəlidir. Xatirinizdədirsə,
Medvedevin prezidentliyi dönəmində Qəddafinin hakimiyyətdən düşürülməsi
prosesində Rusiya Liviyadan uzaqlaşdırılmışdı. Indi Rusiya yenidən Liviyaya
qayıdır və üsyankar general Haftarı hərbi baxımdan dəstəkləməklə regiondakı,
Aralıq dənizindəki maraqlarını təmin etmək istəyir. Biz bunu 2015-ci ilin
sentyabrında Suriyaya hərbi müdaxilədə də gördük. Eyni proseslər bu gün
Liviyaya münasibətdə baş verməkdədir.
Türkiyə və Rusiya bu günə
qədər Liviyada böyük miqyasda olmasa da üz-üzə gəlib. Rusiyanın Vaqner qrupunun
Türkiyə hərbi gücləri tərəfindən ciddi zərbələr aldığı da hər kəsə məlumdur. Rusiya
paralel olaraq öz qırıcılarını Liviyaya göndərməklə, yaxud ən azından belə bir
informasiya dövriyyəyə buraxmaqla Liviyadan vaz keçməyəcəyinin mesajını verir. Əslində
bu qırıcı təyyarələrin göndərilməsi Türkiyə ilə bazarlığa getmək istəyi ilə
bağlıdır. Çünki Türkiyə sadəcə Liviyanın legitim hökumətinə dəstək verməklə
kifayətlənmir. Türkiyə bu gün bütün dünya ilə qarşı-qarşıya gəlib. General Haftar
üsyançılarını Rusiya, Misir, Səudiyyə Ərəbisanı, BƏƏ, Avropa Birliyi, hətta ABŞ
da ciddi şəkildə dəstəkləməkdədir. Bu gün Türkiyə Liviyada yalnız Rusiya
muzdluları ilə deyil, eyni zamanda yuxarıdakı dövlətlərin maliyyə dəstəyi ilə
üz-üzədir.
Rusiya Liviyada hərbi
baxımdan güclənməyə cəhd etsə də, düşünmürəm ki, proseslər Moskvanın istədiyi
kimi gedəcək. Bundan öncə də Rusiyanın hava hücumundan müdafiə sistemlərini
Haftar üsyançılarına versə də, onlar Türkiyənin dronları tərəfindən nəinki zərərsizləşdirildi,
hətta onların bir neçəsi ələ keçirildi. Bunlar rus hərbi maşınına ciddi zərbə
oldu.
Bu gün Liviyada həlledici
amil Sarrac hökuməti və onları dəstəkləyən Türkiyədir. Əgər kimsə, hansısa dövlət
Liviyada öz varlığını sürdürmək istəyirsə, Türkiyə ilə razılaşmalıdır”.
Seymur ƏLİYEV