ABŞ hərbi yetkililərinin aldığı qərarlar Pentaqonun Rusiya və Çini bundan sonra da “bombalamaqda” davam edəcəyini göstərir.
Moderator.az xəbər verir
ki, bu qənaətlə Rusiya mediası çıxış edib. ABŞ-ın davamlı şəkildə Rusiya və Çin
yaxınlığında nüvə hücumlarnın məşqini həyata keçirdiyinə diqqət çəkən rus
politoloqları, son vaxtlar məlum təlimlərin intensivləşməsindən narahatlıqlarını
dilə gətirib.
Kreml təəssübkeşləri
hesab edir ki, strateji nüvə bombardmançılarının cəlb edildiyi təlimlər NATO
dövlətlərinin müdafiəsi adı altında gerçəkləşdirilsə də, bu təlimlər müdafiə
deyil, hücum xarakterli təlimlərdir və istər Rusiya, istərsə də Çin üçün təhdid
təşkil edir. ABŞ təyyarələrinin daha çox Krım, Kalininqrad, Murmansk, Cənubi
Federal Dairəsinə yaxın ərazilərdə göründüyünü vurğulayan ekspertlər, sovet dönəmində
də Amerika təyyarələrinin onların sərhədlərini
tez-tez “yoxladıqlarına” diqqət çəkib.
Rusiyanın strateji
bombardmançıları olan Tu-160 və Tu-95MS təyyarələrinin də vaxtaşırı olaraq eyni
“qonaqpərvərliklə” Amerika sahillərinə yaxın ərazilərdə uçuşlar həyata keçirdiyini
bildirən mütəxəssislər, nə sülh, nə də müharibə şərtlərinə uyğun olmayan bu cür
davranışların psixoloji baxımdan hər iki tərəfdə ciddi gərginlik doğurduğu qənaətindədir.
Lakin bununla belə, Rusiya politoloqları hesab edir ki, ABŞ-ın rus şəhərlərini “bombalamaqda”
davam etdiyi hazırkı dönəmdə bu cür təlim uçuşlarını davam etdirmək vacibdir.
Seymur ƏLİYEV